Yəhya əl-Marani cangüdənlərinə təslim olmağı əmr edib.
Teleqraf.com-un “The Associated Press” agentliyinin Sanadan verdiyi xəbərində deyilir ki, Yəmənin kəşfiyyatı üzrə ikinci şəxsi sayılan Yəhya əl-Marani cümə axşamı yerli şiə üsyançılar tərəfindən girov götürülüb. Üsyançılar generalı onun evindən aparıblar. Bu barədə məlumatı ölkənin kəşfiyyat orqanları və generala yaxın şəxslər agentliyə verib.
Xəbərdə bildirilir ki, şiə üsyançılar generalın evinə gələrək onun cangüdənlərindən tələb ediblər ki, generalı yuxudan oyadın, o, bizimlə getməlidir. Üsyançıların tələbindən xəbər tutan general əmr edir ki, cangüdənlər silahı yerə qoysun. Atışmaya imkan verməyən general onu aparmağa gələn silahlılara qoşularaq gedib. Onun şəxsi cangüdəni və sürücüsü də onlarla qoşulub. Ancaq az sonra onlar üsyançılar tərəfindən azad ediliblər.
Agentlik qeyd edir ki, şiə üsyançılar sentyabr ayında paytaxt Sananı ələ keçirib, mərkəzi hökumətin dəyişməsini tələb etdilər. Onlar iddia ediblər ki, əvvəlki hökumət sünni terrorçu qruplara yaxındır. Ona görə də hökumət dəyişməlidir və prezident bu dəyişikliyə getməlidir.
Maraqlıdır ki, şiə üsyançılar Yəməndə korrupsiyaya və “əl-Qaidə”yə qarşı mübarizə apardıqlarını bəyan ediblər.
Üsyançıların Yəhya əl-Maranini aparmasının səbəbi qeyri-müəyyən olaraq qalır. O, daha çox daxili təhlükəsizliyə görə məsul şəxs kimi tanınır. Şiə üsyançıların əsas bazası olan Sanada vilayətində o, 15 il kəşfiyyat xidmətinə rəhbərlik edib.
Agentli qeyd edir ki, Yəmənə uzun müddət rəhbərlik etmiş Əli Abdullah Saleh 2012-ci ildə iqtidardan getdikdən sonra ölkədə vəziyyət nəzarətdən çıxıb. /musavat.com/