20 Fevral 2023 14:14
1 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük İyirmilər”in (G20) növbəti toplantısı martın 1-də Hindistanda keçiriləcək və bir neçə gün çəkəcək. Liderlərdən əvvəl bu ölkələrin xarici işlər nazirləri görüşəcək və liderlərin mövzularını müəyyən edəcəklər. Dehli toplantıda Rusiyanın iştirakına çalışır. Amma Rusiya Prezidenti Vladimir Putinin G20-nin toplantısında iştirakıyla bağlı durum bəlli deyil. Kreml sahibi hələ qərar verməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertləri hesab edirlər ki, Putin “Böyük İyirmilər”in toplantısında iştirak etsə, iki durumla üzləşəcək:

“Birincisi, Putin toplantıda iştirak edəcəyi halda bəzi ölkələrin liderləri Hindistandakı toplantıdan imtina edə, Putinlə eyni masada oturmaq istəməyə bilərlər. İkincisi, Putin Hindistanda çox az sayda ikili görüş keçirəcək. Bu iki səbəbdən Putinin toplantıya qatılıb-qatılmayacağıyla bağlı hələ qərar verməyib. Ancaq Putin Qərb liderlərinin acığına Hindistandakı toplantıda iştirak edərsə, bununla göstərəcək ki, dünyadan izolyasiya edilməyib və onun əlini sıxmaq istəyən liderlər var.

Bundan əvvəl G20-nin İndoneziyada keçirilən toplantısında gərginlik yaşanmışdı. Qərb ölkələri toplantıda Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi ilə əlaqəli sənəd qəbul etməyə çalışdılar. Ancaq “Böyük İyirmilər”in Rusiya ilə sıx münasibətləri olan dövlət liderlərinin bir qrupu bunun əleyhinə çıxdılar. Qərb dövlətlərinin liderləri bu dəfəki sammitdə Rusiya əleyhinə hər hansı sənədin qəbuluna çalışmayacaqlarını bildiriblər. Çünki bu mənasızdır.

Rusiya Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq fikrində deyil. Qərb liderləri isə Kremllə danışıqların nəticəsiz qaldığını anlayaraq, Ukraynaya hərbi texnika yardımını artırıblar. Ona görə də Hindistandakı toplantıda Rusiya-Ukrayna müharibəsi müzakirə olunmayacaq”.

Təhlildə qeyd edilib ki, G20-nin Hindistan toplantısında üçüncü dünya ölkələrinin borc məsələsi, ərzaq təhlükəsizliyi, koronavirusla mübarizə, iqlim dəyişikliyi kimi mövzular müzakirə olunacaq:

“G20 ölkələrindən başqa toplantıya Banqladeş, Misir, İspaniya, Mavriki, Nigeriya, Niderland, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapurun rəhbərləri də dəvət olunub”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər