1 Mart 2023 12:10
3 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aylardır prezidentliyə namizədini müəyyən edə bilməyən Türkiyənin müxalif “Altılıq Masası” blokunda sular durulmur.

Teleqraf.com xəbər verir ki, hər fürsətdə “namizəd mən olacam” mesajını verən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu İYİ Partiya səddini aşa bilmir.

İYİ partiya sədri Maral Akşənər “qazana biləcək namizəd” iddiası ilə İstanbul və Ankara şəhərlərinin bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Mansur Yavaşı göstərərək CHP daxilində gərginliyi artırıb.

Son olaraq Akşənər Kılıçdaroğlu və CHP-ni “axmaqlar” deyərək təhqir edib. Bundan sonra növbəti dəfə CHP liderinin namizədlik arzusu haqda “Bu masa notarius xidməti göstərməyəcək” sözlərini işlədib.

Gəlişmələr gündəmdəki istiliyini qoruyarkən Akşənər-Kılıçdaroğlu ikilisi Ankarada bir araya gəlib. Görüşdən sonra CHP qanadı İYİ Partiya liderini media üzərindən köşəyə sıxışdırmaq üçün “Akşənər Kılıçdaroğlunun namizədliyini dəstəkləyir” təəssüratı yaratmağa başlayıb. İYİ Partiya bundan sonra hərəkətə keçib.

Digər tərəfdən, namizədlik yolunda adları İYİ Partiya tərəfindən dövriyyəyə buraxılan Əkrəm İmamoğlu və Mansur Yavaşdan da diqqətçəkən həmlələr gəlib.

Kulislərdə İmamoğlunun seçki fəaliyyətləri üçün Floryada otel icarəyə götürdüyü və 100 min imza toplayaraq müstəqil namizədliyini açıqlayacağı danışılır. Bu yolda İmamoğluna ən böyük dəstəyi İYİ Partiyanın verəcəyi deyilir.

Mansur Yavaş da son açıqlaması ilə diqqətləri üzərinə çəkib. Kılıçdaroğlu-Akşənər-İmamoğlu oxunda davam edən namizədlik savaşında Yavaş “Mən də varam” deyərək, “Altılıq Masası”na xitabən namizədliyi vəzifə kimi qəbul edəcəyini söyləyib.

İYİ Partiyanın dəyişməz etirazından, Akşənərin hərəkətə gətirdiyi İmamoğlunun fəallaşmasından, Yavaşın namizədliyə göz vurmasından sonra ciddi maneələrlə üzləşən Kılıçdaroğludan önəmli addım gəlib.

CHP lideri “Masa”nın kiçik ortağı, Gələcək partiyasının sədri Əhməd Davudoğlu ilə təkbətək görüşüb. Kılıçdaroğlunun istəyi ilə Davudoğlunun Ankaradakı evində keçirilən 3 saatlıq görüşdə namizədlik mövzusunun müzakirə edildiyi məlum olub.

Kılıçdaroğlunun namizədliyini dəstəkləməsi üçün Davudoğlunun yanına getməsi çox danışılacaq bir detal olsa da, İYİ Partiyanın “Masa”dakı kiçik partiyalara münasibəti də bəllidir. Akşənər Davudoğlu və Əli Babacanı hədəfə alaraq “səsləri qədər danışsınlar” mesajını vermişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər