Yaponiya Baş naziri Fumio Kişida aktiv xarici siyasət aparır. O, “Böyük Yeddilər”ə (G7) üzv dövlətlərə səfər edərək həmkarlarıyla Yaponiyanı narahat edən mövzuları müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Təhlildə qeyd olunur ki, Kişida yanvarın 13-də ABŞ Prezidenti Co Baydenlə Vaşinqtonda görüşərək, iki ölkə arasındakı hərbi əməkdaşlığın inkişafı mövzularını müzakirə edib:
“Vaşinqton Çinin artan hərbi gücündən ehtiyat edərək, Tokionun hərbi imkanlarını artırmasına etiraz etmir. Tokionun ötən ilin dekabrında qəbul etdiyi təhlükəsizlik strategiyasında Yaponiyanın yaxın 5 ildə hərbi gücünü bir neçə dəfə artırması planlaşdırılır.
Fumio Kişida Ağ Evdə Ukrayna və Tayvan mövzularını da geniş müzakirə edib. Çünki hər iki mövzu birbaşa Yaponiyanın təhlükəsizliyi ilə bağlıdır. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Tokionun Kremllə münasibətləri gərginləşib. Tokio Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləyib.
Rusiyanın yeni Konstutisiyasına görə, heç bir ölkəyə ərazi güzəşti edilməyəcək. Yəni Rusiya İkinci Dünya müharibəsindən sonra işğal etdiyi Kuril adalarını Yaponiyaya qaytarmayacaq”.
Mərkəzin ekspertlərinə görə, Çinin Tayvanı ələ keçirmək planları da Tokionu ciddi narahat edir:
“Tokioda hesab edirlər ki, Çin Tayvanı ələ keçirərsə, bölgədə hərbi gücünü artıracaq və bu, Yaponiya üçün təhlükəyə çevriləcək. İndinin özündə Çin Yaponiya sahillərinə yaxın sularda hərbi təlimlərin sayını artırıb. Digər tərəfdən, Yaponiya ticarətinin 90 faizini gəmilər vasitəsilə Tayvan adasının ətrafında həyata keçirir. Çin Tayvanı ələ keçirərsə, Pekin Yaponiyanın ticarət yollarına da nəzarəti ələ keçirəcək.
Tokio Çinin Tayvandan sonra Yaponiyaya məxsus kiçik adaları işğal edəcəyini düşünür. Yaponiya Tayvan ətrafındakı kiçik adalarında raket qüvvələri yerləşdirir. Uzaqmənzilli raketlərin istehsalına da başlamağı və həmin adalarda dislokasiya etməyi planlaşdırır. Yaponiya bundan başqa ABŞ “Tomahawk” raketlərini də almaq istəyir.
Tokio keçmiş illərdə ABŞ-la Çin arasında nisbi balans siyasəti həyata keçirirdi. Bu dövr arxada qalıb. Tokio hazırda birmənalı şəkildə ABŞ-ın Çinə qarşı sərt siyasətini dəstəkləyir”.