İran uranın zənginləşdirilməsini 84 faizə çatdırıb. Bununla Tehran nüvə silahını hazırlamağa xeyli yaxınlaşıb. Nüvə silahı əldə etmək üçün uranın 90 faizə qədər zənginləşdirilməsi lazımdır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Mərkəzin ekspertlərinin fikrincə, bu rəqəmə çatmaq üçün Tehrana heç nə mane olmur:
“Halbuki İranın “Altılıq” (ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Çin və Almaniya) ölkələrlə 2015-ci ildə imzaladığı sazişə görə, Tehran mülki məqsədlər üçün uranı 3.67 faizə qədər zənginləşdirəcəyini vəd etmişdi. Ancaq ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən imtina edərək, İrana qarşı sanksiya siyasətinə qayıtdı. Bunun qarşılığında Tehran da sazişdən çıxaraq, uranın zənginləşdirilməsinə başladı. Tehran iddia edir ki, uranı 60 faizə qədər zənginləşdirib, ancaq kəşfiyyat məlumatlarına əsaslanan Qərb ölkələri buna inanmırlar.
Hadisələrin bu istiqamətdə inkişafı ən çox İsraili narahat edir. İsrail illərdir Qərb ölkələrini Tehrana inanmamağa çağırır. İsrail İranın nüvə silahı əldə etməsinə seyrçi qalmayacağını bəyan edib. Çünki Təl-Əviv bilir ki, İranın nüvə silahı İsrailə tuşlanacaq. İsrail Baş naziri Binyamin Netanyahu bir neçə gün əvvəl ABŞ dövlət katibi Entoni Blinkenlə İranın nüvə silahı mövsuzu ətrafında fikir mübadiləsi aparıb.
Blinkenin özü də bu mövzunu Münxen Təhlükəsizlik Konfransında avropalı tərəfdaşlarıyla müzakirə edib. Məsələ budur ki, İrandakı dairələr uranın zənginləşdirilməsinin indiki rəqəmləri ilə də nüvə silahı əldə edə bilərlər. Məsələn, ABŞ-ın 1945-ci ildə Yaponiyanın şəhərlərinə atdığı atom bombaları uranın 80 faiz zənginləşdirilməsindən əldə edilmişdi”.
Təhlildə vurğulanır ki, Tehran nüvə silahı əldə edilməsi məsələsində özünü sərbəst hiss edir:
“Tehran hesab edir ki, nüvə sazişi pozulduğuna görə heç bir dövlət onu ittiham edə bilməz. O biri tərəfdən, ABŞ-la yanaşı Avropa İttifaqının da İrana qarşı sanksiyaları sərtləşib. Brüssel bir neçə gün əvvəl İranın 32 fiziki və 2 hüquqi şəxsini sanksiyalar siyahısına əlavə edib. Həmin şəxslər İranda insan hüquqlarının pozuntusunda ittiham olunurlar. Bu sanksiyaların İranın nüvə silahına yiyələnməsi fəaliyyətləri ilə əlaqəsi olmasa da, Tehranla Qərb arasında artan gərginlikdən xəbər verir.
İranın uranı zənginləşdirmək fəaliyyətləri tərəfdaşları Rusiya və Çini narahat etmir. Adətən nüvə dövlətləri ətraflarında özləri kimi nüvə dövlətlərinin artmasını istəmirlər. Ancaq Moskva və Pekin Tehrana mane olmur. Əksinə, Tehran Rusiyaya silah-sursat göndərir, Çinlə isə iqtisadi əlaqələri genişləndirir.
İran lideri İbrahim Rəisinin bir neçə gün əvvəl Çinə səfərini hər iki tərəf “uğurlu” adlandırıb. Çin İrana yüz milyardla dollar yatırım qoyacağını vəd edib. Moskva və Pekin İran məsələsində “düşmənimin düşməni mənim dostumdur” prinsipindən çıxış edir”.