Rusiya texnika itkilərini köhnə modellərlə kompensasiya etməyə çalışır. Bu yaxınlarda 1954-cü ildə xidmətə girən BTR-50 cəbhədə görünüb. 60 illik T-62 isə hətta Rusiyanın əsas tank ordusunda da istifadə olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin hərbi kəşfiyyat məlumatında deyilir.
“Ağır zirehli texnikalarının itirilməsinə cavab olaraq, Rusiya ordusu 60 illik T-62 döyüş tanklarını yerləşdirməyə davam edir. İtkiləri kompensasiya etmək üçün hətta Rusiyanın 1-ci Mühafizə Tank Ordusunun hissələrinin də T-62-lərlə yenidən təchiz olunacağı ehtimalı var”, - Britaniya kəşfiyyatı bildirir.
Mütəxəssislərin fikrincə, 2022-ci ilin yayından Rusiya 800 ədəd T-62-ni konservasiyadan çıxarıb. Bəzi tanklarda modernləşdirilmiş nişangah sistemləri quraşdırılıb ki, bu da gecə vaxtı texnikadan istifadənin effektivliyini artıra bilər. Bu yaxınlarda rusların Ukraynada istifadə etdikləri BTR-50-ni müəyyən etmək mümkün olub. Bu zirehli personal daşıyıcısı ilk dəfə 1954-cü ildə xidmətə qəbul edilib.
Britaniya kəşfiyyatı bu texnikaların müasir döyüş meydanında kifayət qədər zəif olacağını iddia edir.