11 Mart 2023 18:32
1 901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müxalifətinin prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ötən gün PKK terror təşkilatının siyasi qanadı kimi tanınan HDP ilə görüşlə bağlı müzakirələrə dair açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, HDP rəhbərliyi ilə görüşəcəyini deyib.

“Əlbəttə, HDP-yə də baş çəkəcəm. Prezidentliyə namizəd olaraq, bütün Türkiyənin - 85 milyonun prezidenti olacağını iddia edən biri kimi bütün partiyaları ziyarət etməyim demokratiyanın tələbidir. HDP-yə getməkdə nə problem var?”, - Kılıçdaroğlu bildirib.

Kılıçdaroğlunun bu mesajından sonra HDP-dən diqqətçəkən açıqlama gəlib.

PKK/KCK terror təşkilatına verdiyi dəstəklə tez-tez gündəmə gələn HDP-dən olan Aralıq dənizi bölgəsi bələdiyyəsinin üzvü Özgür Çağlar skandal iddia ilə çıxış edib. Çağlar “muxtariyyət” tələbini gündəmə gətirib.

“Düşünürük ki, bu ölkəyə yerli özünüidarəetmələrdə muxtariyyət sisteminin tətbiqi hər kəsin marağındadır. İnanırıq ki, bu, bütün xalqlar, cəmiyyətin bütün təbəqələri üçün faydalı olacaq”, - HDP üzvü vurğulayıb.

HDP-nin muxtariyyət tələbinə sərt reaksiya verən sözügedən bölgənin bələdiyyə sədri Mustafa Gültak məsələ ilə bağlı HDP ilə görüş mesajı verən “Altılıq Masa”sı liderlərinə xəbərdarlıq edib:

“HDP-dən olan millət vəkili Özgür Çağlar “muxtariyyət”dən danışır. Bunun qəti əleyhinəyəm. Qəlbən Cümhuriyyət Xalq Partiyasına bağlı olan seçicilər və üzvlər yaxşı eşitməli və baxmalıdırlar. Bunun sonu başqa yerə gedir. Türkiyə Cümhuriyyəti “muxtariyyət”lərlə, onlarla-bunlarla heç yerə getməz. Deməli, HDP-nin ağlındakı budur: “muxtariyyət”. O, bunu öz ağzı ilə dedi. Kürdlər, türklər, ərəblər, çərkəzlər - hamı bu ölkədə həmişə qardaş kimi yaşayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər