Türkiyə müxalifətinin “Altılıq Masası” blokunun PKK terror təşkilatının siyasi qanadı HDP ilə təmasları gündəmdən düşmür.
Teleqraf.com xəbər verir ki, İYİ Partiyanın “HDP-nin olduğu masada olmayacağıq” açıqlaması qüvvədə qalarkən, “Masa”da nazirliklərlə bazarlıq indidən başlayıb.
CHP üzvləri HDP-yə nazirlik verilə biləcəyini tez-tez dilə gətirirlər. Məsələ ilə əlaqədar diqqətçəkən bir məlumat da əldə edilib.
“A Haber”in müxbiri Məhmət Sabri Uğurbaş “Masa”dakı HDP böhranından danışıb:
“Altılıq Masası”ndakı əsas məsələ HDP ilə necə görüşməkdir. Blokda yer alan İYİ Partiya deyir ki, HDP ümumiyyətlə masada ola bilməz. CHP-dən olan Gürsəl Tekinin “HDP-yə nazirlik verilə bilər” deməsi də diqqət çəkir”.
Uğurbaşın iddiasına görə, Kılıçdaroğlu mayın 14-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə bir nazirliyi HDP-yə verə bilər:
“Kulislərdə CHP, HDP və Kamal Kılıçdaroğlu arasında nazirlik sövdələşməsinin olduğu danışılır. Bunun necə olacağı ilə bağlı müxtəlif iddialar var. HDP adı ictimaiyyət arasında çox da hallanmayan bir nazirliyin verilməsindən məmnun olacağını deyir. Bu çərçivədə HDP ilə danışıqlar aparılacaq”.