Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Kirbi ABŞ-ın Suriyadakı hərbi obyektlərinə edilən hücumlara operativ və cəsarətlə cavab verdiyini deyib.
Teleqraf.com xəbər verir ki, Ağ Evin rəsmi nümayəndəsi amerikalı hərbçilərin bölgədəki missiyalarını davam etdirəcəklərini bildirib.
“Bu, silahlı qruplaşmaların ciddi hücumu idi. Prezident bununun qarşısını almaq üçün ciddi, cəld və cəsarətlə cavab verdi”, - Kirbi söyləyib.
ABŞ rəsmisi əlavə edib: “Suriyada mindən az hərbçimiz var və sayları kəskin şəkildə azalsa da, hələ də bu aktiv və kritik şəbəkəni təqib edirlər”.
Bu səbəbdən ABŞ hərbçilərinin Suriyada xidmətdə qalacağını deyən Kirbi Prezident Co Baydenin ABŞ hərbçilərini bölgədə saxlamaqda qərarlı olduğunu vurğulayıb.
Kirbi həmçinin Baydenin lazım bildiyi təqdirdə, İranın dəstəklədiyi radikal qruplaşmaların martın 23-də İraq və Suriyada ABŞ personalına və obyektlərinə hücumlarına əlavə cavabların verilə biləcəyindən də danışıb:
“Biz bu həftə göstərdik ki, Birləşmiş Ştatlar xalqımızı qorumaq üçün həmişə qətiyyətlə hərəkət edəcək”.
Kirbi bu mesajın ünvanına yüksək səslə və aydın şəkildə göndərildiyini deyib.
Martın 25-də Suriyanın Deyr əz-Zor əyalətində İranın dəstəklədiyi terrorçu qruplaşmaların yerləşdiyi bölgələrdən ABŞ qüvvələrinin yerləşdiyi Ömər neft və Kuniko qaz yataqlarına raket zərbələri endirilib.