Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmları Sergey Lavrovla görüşündə Suriya, Liviya və digər regional məsələlərin də müzakirə olunacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, nazir görüşdə Suriyadakı proseslərin əsas diqqət mərkəzində olacağını bildirib.
“Bildiyiniz kimi, Rusiyanın ev sahibliyi və vasitəçiliyi ilə Suriya ilə bağlı danışıqlar prosesi başlayıb. Sonradan İran da bu prosesə cəlb olundu. Bundan əvvəl nazir müavinləri səviyyəsində görüşün təxirə salındığını bildirmişdik. İndi həmin görüşün vaxtı dəqiqləşib. Nazir müavinləri səviyyəsində dördtərəfli görüş aprelin 3-4-də Moskvada baş tutacaq”, - Çavuşoğlu deyib.
Nazir ABŞ və Türkiyə arasında davam edən F-16 danışıqları ilə bağlı da açıqlama verib:
“Proses davam edir. Rəhbərliyin səmimi səylər göstərdiyini bilirik. F-16-ları Türkiyəyə vermək və ya mövcud təyyarələrin modernləşdirilməsi üçün lazımi komplektləri təmin etməkdə qərarlıdırlar. Müzakirələrin əleyhinə olanlar var, amma rəhbərlik də ona qarşı çıxanlara qarşı səylər göstərir. Müsbət nəticələrin ola biləcəyini gözləyirik”.
Çavuşoğlu Co Bayden administrasiyasının ilk növbədə F-16 məsələsi ilə bağlı Konqresdəki etirazları aradan qaldırmalı olduğunu, təyyarələrin Türkiyəyə satışına qarşı çıxan Konqres üzvləri ilə dialoq yolu ilə həll yolunun tapıla biləcəyini söyləyib.