“MetroPoll” sorğu şirkəti Türkiyə müxalifətinin Millət İttifaqının prezidentliyə namizədi və CHP sədri Kamal Kılıçdaroğlu ilə bağlı yeni araşdırmasını yayımlayıb.
Teleqraf.com xəbər verir ki, “MetroPoll”un “Bu bazar günü prezident seçkisi olsa, Kamal Kılıçdaroğlu seçkini qazana bilərdimi” sualına verilən cavablar diqqət çəkir.
İştirakçıların 34.9 faizi “Qalib gələr”, 8 faizi “Mütləq qalib gələr”, 39 faizi “Qalib gələ bilməz”, 10.7 faizi “Qətiyyən qələbə qazana bilməz” cavabını verib.
Respondentlərə “Bu gün seçki olsaydı, Kılıçdaroğluna səs verərdinizmi” sualı da ünvanlanıb. “Mütləq səs verəcəm” deyənlərin nisbəti 19.7 faiz, “Səs verəcəm” deyənlərin nisbəti isə 25 faiz olub. İştirakçıların 18.9 faizi “Səs verməzdim”, 30,6 faizi “Qətiyyən səs verməzdim” deyib. “Heç bir fikrim yoxdur” deyənlərin nisbəti 5.8 faizdir.
Nəticələri açıqlayan “MetroPoll” rəhbəri Özər Şəncar deyib:
“Kılıçdaroğluna səs verməyəcəyini deyənlər “verəcəm” deyənlərdən təxminən 5 faiz çoxdur. Real vəziyyət belədir.
Kılıçdaroğlunun qalib gələ bilməyəcəyini düşünənlər qazanacağını düşünənlərdən 7 faiz çoxdur. Seçicinin seçki ilə bağlı təsəvvürü belədir. 2022-ci ilin dekabrında bu fərq 29 faiz idi. Üç ayda fərq böyük ölçüdə artıb”.