Qərb müttəfiqlərindən silah alan və hücum bölmələri yaradan Ukrayna ordusu artıq əks-hücuma hazırdır. Əməliyyatda əsas sınaqlarından biri itkilərin bərpası və müharibə ili ərzində kifayət qədər yorulmuş Ukrayna müdafiə qüvvələrinin motivasiyasını qorumaq olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” yazır.
“Ukraynanın cənub-şərq düzənliyindəki döyüşlərdə uğur qazanması Rusiyanın hərbi gücünün aşağı düşdüyünü dünyaya göstərəcək, müharibənin “bataqlığa” batması ilə bağlı narahatlıqları azaldacaq və çox güman, Ukraynanın müttəfiqlərini Kiyevi daha da silahlandırmağa və maliyyələşdirməyə həvəsləndirəcək”, - məlumatda deyilir.
Eyni zamanda, əks-hücum Ukrayna və onun ordusu üçün ciddi problem olacaq, çünki ukraynalı zabitlər Rusiya səngərlərini, tank tələlərini və mina sahələrini yarmaq üçün artilleriya, piyada və zirehli texnikalarla hücumlar keçirməli olacaqlar.
“Rusiya bölmələri ötən ilin noyabrında Xerson vilayətindən çıxarıldıqdan sonra cənubda müdafiə mövqeləri qurur. Güclü və müasir Qərb tankları bu mövqeləri aradan qaldırmaq üçün kritik rol oynayacaq”, - nəşr bildirir.
Amerikalı siyasi ekspert Evelin Farkas hesab edir ki, Ukraynanın müdafiəçiləri Rusiya ordusuna bu cür itkilər verməyə qadirdir və vaxtında silah alarlarsa, bunun geosiyasi nəticələri olacaq. Ekspert qeyd edir ki, Ukrayna Rusiyanı Şərqi Avropada zəifləmiş hərbi gücə çevirə bilər.
Qəzet vurğulayır ki, ilk mərhələdə əks-hücum əməliyyatı ruslardan qalan mina sahələrini aşmaqdan asılı ola bilər. Bununla bağlı Ukrayna ordusunun əsas diqqəti minatəmizləmə maşınlarına yönələcək.
Eyni zamanda bildirilir ki, Ukrayna cənubda Rusiyanın əlində olan ərazini iki zonaya böləcək, təchizat xətlərini kəsəcək və artilleriyasını Krımdakı rus bazalarına yönəldəcək. Bununla belə, qəzet ukraynalı döyüşçülərin əhval-ruhiyyəsinin aşağı düşdüyünü də iddia edir.