Rusiyanın Kamçatka yarımadasındakı ən böyük və ən aktiv vulkanlarından biri Şiveluç püskürməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, Şiveluç səhərin erkən saatlarından püskürür və kül sütunu 10 km hündürlüyə qalxıb.
Püskürmə təyyarələrin uçuşuna təsir göstərə bilər, buna görə də vulkanın püskürməsi ilə əlaqədar “qırmızı təhlükə” siqnalı verilib.
Kül buludunun ölçüsü 400x270 kilometrdir və böyüməyə davam edir.
Rusiya KİV-lərinin məlumatına görə, yaxınlıqdakı Klyuçi kəndinə kül yağışı son 60 ilin ən güclüsü olub. Bu səbəbdən yerli adiministrasiya məktəbləri bağlayıb və sakinlərə evlərini tərk etməməyi tövsiyə edib.
Şiveluç Kamçatkadakı ən böyük və ən aktiv vulkanlardan biridir. Son 10 000 il ərzində 60 dəfə püskürüb, sonuncusu 2007-ci ildə baş verib.