“Böyük Yeddilər”in (G7) xarici işlər nazirlərinin Yaponiya toplantısı başa çatıb. Bundan sonra G7 ölkələrinin liderlərinin iclası olacaq. Liderlər 19-21 may tarixlərində Xirosima şəhərində görüşəcəklər. Yaponiya həmin sammitə Hindistan, Avstraliya, Braziliya, Cənubi Koreya və Vyetnamın liderlərini də dəvət edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.
Mərkəzin ekspertləri deyirlər ki, xarici işlər nazirlərinin görüşündə iki əsas mövzu olub:
“Nazirlər Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini və Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsini və Çinin bölgədə artan hərbi gücünə qarşı birgə fəaliyyət mexanizmlərini müzakirə ediblər. Şimali Koreyanın raket proqramının bölgə ölkələri üçün təhlükə yaratması barədə də fikir mübadiləsi aparılıb.
Toplantıda Fransa Prezidenti Emmanuel Makron və Almaniya xarici işlər naziri Annalena Berbokun Çinə səfərlərinin nəticələri də müzakirə olunub. Bəllidir ki, bu səfərlərin müsbət nəticəsi olmayıb. Çin Rusiya ilə strateji tərəfdaşlığı gücləndirməkdə və Tayvanı ələ keçirməkdə qərarlıdır.
Yaponiyada toplantı davam edərkən Çin müdafiə naziri Moskvada rusiyalı həmkarı və Kreml sahibi ilə görüşüb. Bu, Çinlə Rusiyanın G7 ölkələrinə mesajıydı ki, sizin birliyinizə qarşı bizim də birliyimiz var. G7 toplantısına ev sahibliyi edən Yaponiya Rusiyaya qarşı ən sərt sanksiyaların qəbuluna tərəfdardır. Tokio Rusiyanın Kuril adaları ətrafında artan hərbi təlimlərini də özü üçün təhlükə kimi qiymətləndirir. Tokio Kiyevə maliyyə dəstəyini artıracağını bəyan edib”.
Təhlildə qeyd olunur ki, G7 xarici işlər nazirləri birgə bəyanatda Tayvanın status-kvosunun güc yolu ilə dəyişdirilməsinin əleyhinə olduqlarını bildiriblər:
“Bəyanatda G7 ölkələrinin Çinin əsas rəqibi Hindistanla hərtərəfli əməkdaşlığa tərəfdar olduqları açıqlanıb. Bununla “Böyük Yeddilər” Asiyada onların düşməni ilə dostunun kim olduğuna eyham vurublar.
G7 ölkələrinin xarici işlər nazirləri “Vahid Çin” siyasəti ilə bağlı mövqelərini dəyişməsələr də, Çin lideri Si Cinpinin “Tayvanı nə yolla olur-olsun birləşdirəcəyik” açıqlamalarından narahatdırlar. G7 ölkələri Tayvan məsələsinin danışıqlar yolu ilə həllini istəyirlər. Pekin isə deyir ki, danışıqlar nəticə verməsə, hərbi yoldan istifadə edəcək. Məsələ budur ki, Pekinlə Tayvan rəhbərliyi arasında danışıqlar da aparılmır. Bu isə müharibə riskini artırır.
Berbok bildirib ki, ABŞ dövlət katibi Entoni Blinkenlə Çin xarici işlər naziri Qin Qanq arasında planlanan görüş gərginliyi azalda bilər. Ancaq bu görüş dəfələrlə təxirə salınıb. Blinkenin fevralın əvvəlində Pekinə planlanan səfəri Çinin kəşfiyyat şarlarının ABŞ səmasında vurulmasından sonra təxirə salınıb”.