19 Aprel 2023 16:14
1 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarka, Norveç, Finlandiya və İsveçin birgə araşdırmasına görə, Rusiyanın kəşfiyyat gəmiləri Baltik, Şimal dənizlərində enerji və digər infrastrukturlara qarşı təxribata hazırlaşır.

Teleqraf.com xəbər verir ki, kəşfiyyat xidmətləri Rusiyanın Danimarka, Norveç, Finlandiya və İsveç ətrafındakı sularda enerji obyektlərinin xəritəsini hazırladığını bildirir.

Məlumata görə, bu, Baltik və Şimal dənizlərində üzən çoxlu sayda hərbi və mülki gəmilər tərəfindən həyata keçirilir. Bu fəaliyyətin məqsədinin Skandinaviya ölkələrinə qarşı təxribat planlaşdırmaq olduğu güman edilir. Məsələn, Rusiya Atlantik okeanı boyunca və Avropanın digər bölgələrində elektrik və rabitə kabellərini kəsə bilər.

Danimarka Polis Kəşfiyyat Xidmətinin əks-kəşfiyyat rəisi Anders Henriksen deyib: “Qərblə toqquşma yaranarsa, Danimarka cəmiyyətini iflic etmək istəsələr, hara müdaxilə edəcəklərini bilirlər”.

İddiaya görə, Rusiyanın Şimal sularında üzən çox sayda “kabus gəmiləri” var. Araşdırmaçılar Rusiya gəmilərindən göndərilən milyonlarla şübhəli siqnalları təhlil ediblər.

Bunlardan biri Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Admiral Vladimirski” gəmisidir. Gəminin dəniz tədqiqatları adı altında kəşfiyyat işi ilə məşğul olduğu iddia edilir.

“Admiral Vladimirski” bir ay ərzində dəfələrlə Baltik və Şimal dənizlərində üzüb.

“Gəminin marşrutu bir neçə gün dayandığı mövcud və gələcək dəniz külək stansiyalarının yanından keçir. Kəşfiyyat məlumatlarına əsasən, “Admiral Vladimirski”nin sularımızda missiyasının məqsədi təxribat hazırlamaqdır. Rusiyanın Şimal-Qərbi Avropa da daxil olmaqla enerji təchizatını iflic etmək imkanı olacaq”, - araşdırmada deyilir.

Bu, yeganə rus “kabus gəmisi” deyil. Kəşfiyyat şübhəli marşrutla üzən 50 Rusiya gəmisini aşkar edib. Mütəxəssislər hesab edirlər ki, bütün bu gəmilər konkret tapşırıqları yerinə yetirə bilər. Norveç kəşfiyyatının rəhbəri Nils Andreas Stensons da bu fikirdədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər