23 Aprel 2023 12:39
1 520
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident Ərdoğana baxanda zəhmətkeş bir insan, öz vətəndaşlarına dəyər verən birini görürəm. Elə adam görürəm ki, köhnə dostlarını da unutmur, gedib baş çəkir. Detallara fikir verən birini görürəm. Avropanı doğru yola yönəldə biləcək dövlət adamı da Prezident Ərdoğandır”.

Teleqraf.com xəbər verir ki, bunu almaniyalı siyasətçi və yazıçı Kristof Hörstel “A Haber”ə müsahibəsində deyib.

Siyasətçi dünyanın kritik bir dövrdən keçdiyi bir dönəmdə Ərdoğanın liderliyini davam etdirməsinin önəmini vurğulayıb.

Hörstel Ərdoğan dövründə Ankaranın müstəqil siyasətinə toxunub və qeyd edib ki, buna görə də Vaşinqton Türkiyəyə müdaxilə etmək üçün yeni yollar axtarır:

“Hazırda Ukraynada Avropaya yayıla biləcək böyük müharibə gedir, bu, çox təhlükəlidir. Bu təhlükəli durumda Prezident Ərdoğan vəzifəsində qalsa, özümü daha rahat hiss edərdim. Çox təcrübəlidir, Türkiyəni son illərdə çox parlaq bir mövqeyə daşıyan şəxsdir. Bu, Türkiyə üçün xoşbəxt bir prosesdir. Bəli, asan deyildi, amma Prezident Ərdoğanın etdikləri Türkiyənin Vaşinqtondan müstəqilliyini təmin etmək üçün lazım idi. Düşünürəm ki, Almaniya da xoşbəxt olmaq üçün bunu etməlidir”.

Hörstel xatırladıb ki, 2016-cı ildə Türkiyədə ABŞ-ın təşəbbüsü və əli ilə dövlət çevrilişinə cəhd olub: “Nəticəsi isə bəllidir - Prezident Ərdoğan və Türkiyə qalib gəldi. Vaşinqton isə açıq şəkildə deyə bilmədi ki, “bəli, pis bir şey etdik, bağışla, Türkiyə, bir daha etməyəcəyik. Türkiyə ilə yaxşı münasibət qurmaq istəyirik”. Bu, beynəlxalq aləmdə olduqca pis vəziyyət idi”.

Alman siyasətçi hesab edir ki, Prezident Ərdoğana qarşı tənqidlərin mərkəzində açıq şəkildə müstəqil Türkiyə müzakirəsi var.

“Düşünürəm ki, Avropanı doğru yola yönəldəcək lider yenə Prezident Ərdoğan olacaq. Çünki ötən illərdə Türkiyəni kifayət qədər gücləndirib”, - Hörstel söyləyib.

Siyasətçi seçkiyə hazırlaşan türk xalqına da müraciət edib:

“Tarixi seçkiyə gedilir. Ümid edirəm ki, türk xalqı dünyada bəzilərinin onların azadlıqlarına, müstəqilliklərinə və qüdrətlərinə qəsd etmək istədiklərini bilir. Seçki günü dostunuz kim olduğunu, kimin sizə mane olmağa çalışdığını bilin. Dostlarınızla yola çıxın”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər