Liviya Silahlı Qüvvələri Sudanda davam edən silahlı toqquşmalar səbəbindən qonşu ölkə ilə sərhədini bağlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Al-Marsad portalı Liviya Silahlı Qüvvələrinin Baş komandanlığına istinadla məlumat yayıb. Liviya ordusunun, həmçinin ölkənin cənub-şərqində Sudanla sərhəd yaxınlığında yerləşən Kufra şəhərinə əlavə qüvvələr göndərdiyi bildirilir.
Liviya ilə Sudan arasında sərhədin uzunluğu 382 kilometrdir. Həmin rayon qaçaqmalçılıq və insan alveri ilə məşğul olan silahlı qruplaşmalar və kriminal bandalar tərəfindən istifadə edilir.
Xatırladaq ki, Suveren Şuraya rəhbərlik edən Sudan ordusunun komandanı Əbdül Fəttah əl-Burhanla həmin şurada onun müavini olan xüsusi təyinatlı qüvvələrin başçısı Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən ölkədə vəziyyət gərginləşib. Aprelin 15-də Merove şəhərindəki hərbi baza yaxınlığında və paytaxt Xartumda iki güc strukturu arasında toqquşmalar başlayıb. Sudan Səhiyyə Nazirliyinin son məlumatına görə, döyüşlər nəticəsində 600-dən çox insan həlak olub.