Ukrayna müdafiə qüvvələri son sutka ərzində Rusiya qoşunlarının 41 hücumunun qarşısını alıb. Baxmut və Marin cəbhənin ən qaynar nöqtələri olaraq qalır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusların Liman istiqamətində Novoselivsk və Biloqorivka rayonlarına hücumları nəticəsiz qalıb.
Rusiya ordusunun Baxmuta hücumu dayanmır, şəhər uğrunda qızğın döyüşlər gedir.
Ruslar Avdiv istiqamətində Severnoy və Pervomaysk yaşayış məntəqələrinə hücum edib, amma bu səyləri nəticə verməyib. Avdivin mərkəzinə hava zərbələri endirilib.
Ukrayna ordusu Marin istiqamətində də rusların çoxsaylı hücumlarının qarşısını alıb. Hazırda Marin uğrunda döyüşlər davam edir.
Bundan başqa, Ukrayna qoşunları gün ərzində rusların mövqelərinə zərbələr endirib. Ukrayna aviasiyası Rusiyanın 3 zenit-raket kompleksini məhv edib, şəxsi heyətinin cəmləşdiyi əraziləri vurub.
Gün ərzində raket qoşunlarının bölmələri və artilleriya bölmələri Rusiya ordusunun idarəetmə məntəqəsini, 6 silah və hərbi texnikanın cəmləşdiyi ərazini, 2 sursat anbarını və 1 yanacaq anbarını vurub.