Vaşinqton Çini rəqib kimi qiymətləndirdiyinə görə bu dövlətlə bağlı ümumiləşdirilmiş siyasətini formalaşdırmağa çalışır. ABŞ və Avropa Çinlə iqtisadi əlaqələrini davam etdirdikləri halda Tayvan ətrafında cərəyan edilən hadisələrdə Pekini ittiham edirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Təhlildə qeyd edilir ki, Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozef Borrel birliyə üzv dövlətlərin hərbi gəmilərinin Tayvan ətrafına göndərilməsinin vacibliyini bildirib:
“Həmin gəmilər Tayvan adası ətrafında patrul xidməti göstərməlidir. Borrel Avropanın Tayvan ətrafında fəallaşmasının önəmli olduğunu bildirib. ABŞ hərbi gəmiləri hazırda Tayvan adası ətrafında patrul xidməti aparırlar.
Borrel Çinin dayandırılmasının vacibliyini bildirərkən, Avropa İttifaqının iki əsas dövləti – Fransa və Almaniya Pekinlə dialoqu genişləndirməyin tərəfdarıdır. Almaniya Kansleri Olaf Şolz və Fransa Prezidenti Emmanuel Makronun bir müddət əvvəl Çinə səfərləri də bundan xəbər verir. Makron Çindən Fransaya qayıtdıqdan sonra Avropanın Tayvan məsələsində ABŞ-ın siyasətini dəstəkləməməsinin vacibliyini dedi. Şolz da Tayvana görə Avropanın Çinlə qarşıdurmasının əleyhinədir. ABŞ-ın ən yaxın müttəfiqlərindən Böyük Britaniya da ehtiyatlı mövqenin tərəfdarıdır. Britaniya xarici işlər naziri Ceyms Kleverli Çinə qarşı “soyuq müharibə”nin elan edilməsinin yanlış qərar olacağını vurğulayıb.
Belə olan halda Borrel nədən Avropanın Tayvan adası ətrafında fəallaşmasının gərəkliliyini bildirib? Görünür, o, Avropanın ABŞ-dan geri qalmasını istəməyərək, patrul gəmilərinin birgə xidmətinə üstünlük verir. Çin Xarici İşlər Nazirliyi Borrelin təşəbbüsünü tənqid edib. Pekinin xəbərdarlığı Brüsseldə mövzuyla bağlı müxtəlif mülahizələrə səbəb olub. Avropalıların bir qismi Tayvanla bağlı Brüsselin ABŞ-Çin qarşıdurmasından məsafə saxlamasının gərəkliyini ifadə edib. Bu qrupun fikrincə, diqqəti Ukrayna müharibəsindən yayındırmaq olmaz. Onların sözlərinə görə, Avropanın həm Rusiya, həm də Çinlə mübarizə aparması doğru deyil. Ancaq fərqli düşünənlər də var”.
Mərkəzin ekspertləri hesab edirlər ki, Çin Tayvanı ələ keçirsə, bu ölkənin bölgədə rolu artacaq və Pekin anti-Qərb qüvvələrinin liderlərindən birinə çevriləcək:
“Bu, Brüssel üçün təhlükəli gedişatdır. Avropada Çinin Ukrayna məsələsində mövqeyindən narahatlıq da artır.
Çexiya Prezidenti Petr Pavel Çinin Ukrayna müharibəsindən dividentlər qazandığını deyib: “Pekin müharibənin bitməsində maraqlı deyil. Çünki müharibə davam etdikcə, Rusiyanın Çindən asılılığı artır. Bu, Pekinin maraqlarına cavab verir.
Həqiqətən müharibə olmasaydı, Çin Rusiyadan ucuz neft-qaz ala bilməyəcəkdi. Ukrayna müharibəsi Qərbi də yorur ki, bu da Çinin maraqlarına cavab verir”.