Rusiya qoşunları əsas səylərini Liman, Baxmut, Avdiv və Marin istiqamətlərinə yönəldib. Son sutka ərzində ruslar bu istiqamətdə 46 hücum əməliyyatı keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ən şiddətli döyüşlər Baxmut və Marin şəhərləri uğrunda gedir.
“Düşmən Kupyansk istiqamətində taktiki mövqeyini gücləndirməyə çalışır. Masyutiv və Stelmaxiv yaşayış məntəqələri yaxınlığında hücum əməliyyatları keçirib, amma uğursuz alınıb”, - Baş Qərargah qeyd edib.
Rusiya qüvvələri Liman istiqamətində Biloqorivkaya uğursuz hücum həyata keçirib.
Ruslar Baxmut istiqamətində irəliləməyə davam edir: “Düşmən gün ərzində Baxmut şəhəri, eləcə də İvanovsk və Stupoçki qəsəbələri istiqamətində uğursuz hücum əməliyyatları keçirib”.
Ukrayna ordusu Marin şəhəri ərazisində də Rusiya qoşunlarının çoxsaylı hücumlarının qarşısını alıb. Avdiv isə avisiya atəşinə məruz qalıb.
Bundan başqa, Ukrayna aviasiyası gün ərzində Rusiyanın şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 8, həmçinin zenit-raket komplekslərinə 2 zərbə endirib. Gün ərzində rusların 6 müxtəlif tipli PUA-sı vurulub, bunlardan üçü İran istehsalı “Şahid” dronudur.
Ukraynanın raket qoşunları və artilleriya bölmələri idarəetmə məntəqəsinə, canlı qüvvənin cəmləşdiyi 4 əraziyə, atəş mövqeyində olan 2 artilleriya bölməsinə və radioelektron döyüş stansiyasına zərbələr endirib.