“Sinan Oğan ikinci turda Kamal Kılıçdaroğlunu dəstəkləsə belə, səslərinin hamısı ona getməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Türkiyənin ictimai-siyasi həyatında baş verən son gəlişmələrə diqqət çəkib:
“Siyasətdə 2x2 mütləq 4 etmir və riyazi hesablamalar hər zaman özünü doğrultmur. Sinan Oğanın Kamal Kılıçdaroğlu ilə mümkün razılaşması birincinin 5 faiz səsinin ikinci turda dəstək verəcəyi siyasətçinin xanasına yazılacağı anlamına gəlmir.
Birincisi, həmin 5 faizin hamısı Sinan Oğana verilən səs deyil. 5 faizin içində namizədliyini geri götürən Məhərrəm İncənin, Prezident Rəcəb Tayyib Ərdoğana və onun əsas rəqibi Kamal Kılıçdaroğluna etiraz edənlərin səsləri var. Bu hesabla ikinci turda Sinan Oğanın səsləri böyük ehtimalla Kamal Kılıçdaroğlu ilə Rəcəb Tayyib Ərdoğan arasında bölünəcək. Ona görə Ərdoğan arxayın şəkildə “Sinan Oğanın şərtlərini qəbul etməyəcəm” fikrini söyləyib.
Başqa sözlə, Ərdoğanın Oğanın dəstəyinə ehtiyacı yoxdur. Kamal Kılıçdaroğlu qələbə çalmaq üçün birinci turda seçkiyə qatılmayan təxminən 8 milyon insanın ikinci turda seçki məntəqələrinə getməsinə nail olmalıdır. Qısa müddət ərzində bunu reallaşdırmaq son dərəcə çətin vəzifədir.
Eyni zamanda, Rəcəb Tayyib Ərdoğan Sinan Oğanın şərtlərini qəbul etməyəcəyini desə də, onunla görüşməyə qərar verib”.