20 May 2023 23:06
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin hakimiyyəti Xirosimada keçirilən “Böyük Yeddilik” ölkələrinin (G7) sammitində Çinlə bağlı qəbul edilən kommunike müddəalarını həqiqətəuyğun hesab etmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Çin hakimiyyəti bununla bağlı etirazını bildirib və G7 sammitinə ev sahibliyi edən Yaponiyaya etiraz məktubu göndərib.

"G7 Çinə böhtan atmaqda və onunla bağlı mövzuları manipulyasiya etməkdə israrlı idi", - XİN-in bəyanatında deyilir.

Pekin bildirib ki, G7 ölkələri Çini narahat edən mövzulara məhəl qoymur və ölkənin daxili, o cümlədən Tayvanla bağlı işlərinə qarışır.

G7 ölkələrinin liderləri Çinlə sabit münasibətlər istədiklərini, onu beynəlxalq məsələlərdə əməkdaşlığa çağırdıqlarını və bu ölkənin inkişafına qarşı çıxmaq niyyətində olmadıqlarını bildiriblər.

Eyni zamanda, G7 Çinin “qeyri-bazar təcrübələri” ilə mübarizə aparmaq niyyətini açıqlayıb, Şərqi Çin və Cənubi Çin dənizlərindəki vəziyyətdən ciddi narahatlığını bildirib. G7 liderləri Pekinin Cənubi Çin dənizində “genişləndirici dəniz tələbləri” üçün heç bir hüquqi əsasa malik olmadığını qeyd ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər