“Rusiyanın apardığı müharibə ilə bağlı ictimai tənqid adi fikir ayrılıqlarıdır, amma heç bir halda sistem üçün təhlükə deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya kəşfiyyatının rəhbəri Bruno Kal deyib.
Onun iddiasına görə, hazırda Prezident Vladimir Putinin hakimiyyəti kifayət qədər sabitdir.
“Putinin sistemində heç bir çat görmürük”, - Kal əlavə edib.
O qeyd edib ki, ayrı-ayrı tənqidlərə baxmayaraq, məsələn, sursat təchizatı ilə bağlı, sistemin axsamağa və ya dağılmağa başladığına dair heç bir əlamət yoxdur. Amma o, belə bir ssenarinin istisna olunmadığını da söyləyib.
Kal vurğulayıb ki, Rusiya həm hərbi xidmətə çağırılan yeni əsgərlərin sayını, həm də döyüş sursatı və silahlarının həcmini nəzərə alaraq, hələ də uzunmüddətli perspektivdə müharibə aparmağa qadirdir. Bununla belə, onun sözlərinə görə, Rusiyanın silahlı qüvvələrin səmərəliliyi ilə bağlı zəiflikləri də var.
“Əgər Qərb Ukraynanı dəstəkləməsə və müqavimət təşkil etməsə, o zaman Putinin uzunmüddətli perspektivə mərc edən strategiyası uğur qazana bilər”, - alman kəşfiyyatının rəhbəri qeyd edib.