25 May 2023 16:15
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ilə əlaqələri bərpa etməyə başlayan Gürcüstan özünü daha kəskin ssenarilərdən sığortalamağa çalışır”.

Sözügedən məsələ ilə əlaqədar Teleqraf.com-un sualını cavablandıran politoloq İlqar Vəlizadə belə deyib.

Ekspert əlaqələrin bərpası müqabilində iki ölkə arasında pərdəarxası sövdələşmə iddiasını təkzib edib:

“Əlbəttə, heç kəs Abxaziya və Cənubi Osetiyanı qaytarmayacaq. Sadəcə Gürcüstan hakimiyyəti özünü daha kəskin ssenarilərdən sığortalayır. Eyni zamanda, açıq şəkildə deyirlər ki, Rusiya ilə ticarət əlaqələrindən kifayət qədər mənfəət götürürlər. Bunu heç kəs əvəz edə bilməz. İki ölkə arasında 2.5 milyard dollarlıq ticarət mübadiləsi var. Rusiyadan olan turistlər Gürcüstana kifayət qədər pul gətirirlər. Hazırkı durumda bunu kim əvəz edə bilər? Yəqin ki, kimsə. Amerika uzaqdır, Gürcüstanın ixrac malları Avropa üçün önəmli deyil. Bu vəziyyətdə əsas bazar kimi Rusiya qalır. İndi praqmatik yanaşma bundan ibarətdir.

Gürcüstan hakimiyyəti praqmatik əsasları götürərək bu istiqamətdə addımlar atır. Gürcüstan və Rusiya arasında hərbi gərginlik olsaydı, bizim bu ölkə üzərindən Avropa ilə həyata keçirdiyimiz enerji və digər layihələrə də mənfi təsir göstərə bilərdi. Azərbaycanın enerji xətləri Cənubi Osetiyanın bir neçə kilometrliyindən keçir. Yəni hərbi qarşıdurma olsa, bu infrastruktur da hədəfə alına bilər. Gürcüstan hakimiyyəti əlaqələrin bərpasından mənəvi zərbə alsa da, öz siyasətini praqmatik əsaslar üzərində qurub”.

İlqar Vəlizadə rəsmi Tiflisin Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli üçün gözləmə mövqeyində olduğunu söyləyib:

“Əlaqələr tam bərpa olunmayacaq. Çünki Gürcüstan artıq üzvlük üçün Avropa Birliyinə müraciət edib və bu prosesin içindədir. İlk addım kimi üzvlüyə namizəd olmaq istəyir. Avropa Birliyi ilə müəyyən sənədlər imzalayıb və üzərinə öhdəliklər götürüb. Bunlara da əməl edir. Bu durumu nəzərə alanda deyə bilərik ki, Rusiya-Gürcüstan münasibətləri tam tənzimlənə bilməz. Ən optimal durumda indiki kimi qala bilər.

Gürcüstan hakimiyyətinin siyasi hesablamaları ona yönəlib ki, Rusiya nə vaxtsa zəifləyəcək, orada hakimiyyət dəyişəcək və iqtidara liberal qüvvələr gələcək, onda ərazi məsələsini tənziməyəcək. Gürcüstan hakimiyyəti hələlik gözləmə mövqeyində dayanıb və Rusiyaya yönəlik daha təsiredici addım atmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər