Avropa İttifaqı (Aİ) Azərbaycan Prezidenti İlham Əliyevin Yeni il ərəfəsində imzaladığı əfv sərəncamını alqışlayır. Bu barədə Teleqraf.com Avropa Qonşuluğunun İnformasiya Mərkəzinə istinadən xəbər verir.
Qeyd edək ki, İlham Əliyev 2014-cü il dekabrın 29-da məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq əfv sərəncamı imzalayıb.
Əfv olunanlar arasında “Nida” Vətəndaş Hərəkatının iki üzvü - Üzeyir Məmmədli və Zaur Qurbanlı, jurnalistlər - Əvəz Zeynalov və Sərdar Əliyev, vəkil Qurban Məmmədov da var.
Sərəncam ümumilikdə 86 nəfər Azərbaycan vətəndaşı və 1 nəfər Türkiyə vətəndaşına şamil olunub.