6 Yanvar 2015 00:06
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 4-də Özbəkistan parlamenti Ali Məclisinə təkrar seçkilər keçirilib.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov seçkilərin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, ötən il dekabrın 21-də keçirilən əsas seçkilərdə 22 dairədə namizədlərin heç biri lazımi qədər səs toplaya bilmədiyindən hər dairədə ən çox səs toplayan iki namizəd təkrar seçkilərdə iştirak edib.

Teleqraf.com-un məlumatına görə, trəkrar seçkilərdə adları seçki siyahılarına salınmış 3 milyon 434 min 345 seçicinin 2 milyon 642 min 63-ü iştirak edib. Bu da seçicilərin 76,9 faizini təşkil edir. Artıq 22 deputatın adları məlumdur.

M.U.Abdusalamov deyib ki, təkrar seçkilərdən sonra ölkədə fəaliyyət göstərən partiyalardan seçilən deputatların tərkibində dəyişiklik olub. Beləliklə, Ali Məclisə Sahibkarlar və İşgüzar Adamlar Hərəkatı - Liberal-Demokratik Partiyasından 52, “Milli Dirçəliş” Demokratik Partiyasından 36, Özbəkistan Xalq-Demokratik Partiyasından 27, “Ədalət” Sosial Demokrat Partiyasından 20 deputat seçilib. Daha 15 deputat isə Özbəkistan Ekoloji Hərəkatının konfransında seçilib və bununla da Ali Məclisdə təmsil olunan deputatlar tam formalaşdırılıb.

Xatırladırıq ki, 2005-ci ildə Özbəkistanda ikipalatalı parlament formalaşdırılıb. Aşağı palata - Ali Məclisin Qanunvericilik Palatasında 150 deputat, yuxarı palata - Senatda isə 100 deputat fəaliyyət göstərir.


Müəllif:

Oxşar xəbərlər