Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiya xarici işlər naziri Sergey Lavrovun qızının ölkə ərazisinə daxil olmasına icazə verdiyinə görə hökuməti tənqid edib.
Teleqraf.com xəbər verir ki, prezident rus elitasının üzvlərinin Gürcüstana hökumətin razılığı və təhlükəsizlik zəmanəti əsasında gəldiklərini deyib.
“Hakimiyyət orqanları sərhədin və ərazinin mühafizəsinə cavabdehdir. Ölkəyə kimin girib-çıxdığını bilməlisiniz. Rusiyanın siyasi elitasının üzvlərinin ölkəyə əvvəlcədən xəbərdarlıq etmədən və təhlükəsizlik zəmanəti olmadan daxil olmasına inanmaq çətindir”, - Zurabişvili bildirib.
Bundan əvvəl Lavrovun Qərbin sanksiyaları altında olan qızı Yekaterina Vinokurovanın qaynının toyunda iştirak üçün Gürcüstana gəldiyi təsdiqlənib.
Hadisə Gürcüstanda səs-küyə səbəb olub, bəzi müxalif fəallar Rusiyadan gələn qonaqların, o cümlədən Lavrovun qızının olduğu iddia edilən məkanı mühasirəyə alıblar. Daha sonra Zurabişvili rusların Gürcüstan sərhədlərini tərk etməli olduqlarını bildirib.