Rusiya qüvvələri əsas səylərini Luqansk və Donetsk vilayətlərini tamamilə ələ keçirməyə yönəldib. Ukrayna ordusunun bölmələri gün ərzində bu istiqamətlərdə 21 hücumun qarşısını alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ruslar Baxmut istiqamətində Xromovoydan qərbdə uğursuz hücum əməliyyatları keçirib.
Rus ordusu Avdiv istiqamətində Severne və Pervomaysk yaşayış məntəqələrinə hücum edib, amma nəticəsiz qalıb.
Ukrayna qoşunları Marin şəhəri ərazisində Rusiyanın 14 hücumunu dəf edib.
Bundan başqa, Ukrayna aviasiyası gün ərzində rusların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 4, həmçinin zenit-raket komplekslərinə 3 zərbə endirib. Rusiyanın çoxlu sayda PUA-sı məhv edilib.
Ukraynanın raket qoşunları və artilleriya bölmələri 2 idarəetmə məntəqəsini, 2 silah və hərbi texnikanın cəmləşdiyi ərazini, 2 sursat anbarını və daha bir mühüm hərbi obyekti vurub.
Rusiyanın Ukraynada canlı qüvvə itkisi təxminən 206.6 min nəfərdir, onlardan 400-ü son sutka ərzində məhv edilib. Bundan əlavə, Rusiya gün ərzində 3 tank, 7 zirehli döyüş maşını, 11 artilleriya sistemi, həmçinin 9 yük maşını və 2 xüsusi texnikasını itirib.