ABŞ Konqresinin Senatı ölkədə defoltun qarşısını almaq üçün dövlət borcunun tavanının artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, Konqresin yuxarı palatasının 63 üzvü təşəbbüsün lehinə, 36-sı əleyhinə səs verib.
Dinləmələrin sədri "qanun layihəsinin təsdiq edildiyini" elan edib.
Qeyd edək ki, çərşənbə günü axşam təşəbbüs Nümayəndələr Palatası tərəfindən qəbul edilib. Sənəd indi imzalanmaq üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək. Bundan əvvəl Amerika lideri dəfələrlə qanunvericiləri qanun layihəsini təsdiqləməyə çağırıb.
Xatırladaq ki, keçən həftə Ağ Ev və Konqresdəki Respublikaçılar ABŞ-ın dövlət borcunun tavanını 2025-ci il yanvarın 1-dək artırmaq barədə razılığa gəliblər. Tərəflərin razılaşdırdığı qanun layihəsində 2024-cü maliyyə ilində müdafiəyə 886 milyard dollar, veteranların tibbi yardımı üçün 121 milyard dollar və digər qeyri-müdafiə proqramlarına 637 milyard dollar ayrılması nəzərdə tutulur.