Hindistanın şərqindəki Odişa ştatında baş verən və 294 nəfərin ölümü ilə nəticələnən qatar qəzasına elektron kilid sistemindəki dəyişiklik səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə bazar günü jurnalistlərə açıqlamasında ölkənin dəmir yolları, rabitə, elektronika və informasiya texnologiyaları naziri Aşvini Vaişnav məlumat verib.
"Dəmiryolunun təhlükəsizliyi üzrə müvəkkil faktı araşdırıb və bu barədə hesabatı təqdim etməlidir. Biz hadisənin səbəbini və buna görə məsuliyyət daşıyan şəxsləri müəyyən etmişik. Bu, elektron kilidin sistemindəki dəyişiklik səbəbindən baş verib", - deyə o bildirib.
Nazir elektron kilid sistemində hansı səbəbdən dəyişikliyin edildiyini və buna kimin cavabdeh olduğunu dəqiqləşdirməyib.
Qeyd edək ki, cümə günü Hindistanın şərqində 2 sərnişin və 1 yük qatarı toqquşub. Hadisə nəticəsində 294 nəfər həlak olub, 1000-dən artıq insan isə xəsarət alıb.