21 İyun 2023 22:12
8 855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikada fəaliyyət göstərən Avropa Siyasət Mərkəzi (EPC) Avropa Birliyinin (AB) yeni dönəmdə Türkiyə ilə necə münasibət qurmalı olduğuna dair təhlil yayımlayıb.

Teleqraf.com xəbər verir ki, analizdə Ankara-Brüssel xəttində münasibətlərin uzun müddətdir gərgin vəziyyətdə olduğu və bunun tezliklə həllinin olmayacağı bildirilir.

Mərkəzin ekspertləri Prezident Rəcəb Tayyib Ərdoğanın çətin tərəfdaş olduğu qənaətindədirlər: “Amma Türkiyənin böyüklüyünü və getdikcə parçalanan dünyada artan geostrateji əhəmiyyətini nəzərə alaraq, AB liderləri Türkiyəyə uyğunlaşmaq məcburiyyətindədirlər”.

Təhlildə Ərdoğanın rəhbərliyi altında sərt və yumşaq güclə çevik diplomatiyanın sintezindən formalaşan xarici siyasətin getdikcə öz müstəqilliyini daha da gücləndirdiyi vurğulanır.

“Türkiyə həm ətrafında, həm də onun hüdudlarından kənarda getdikcə daha nüfuzlu bir aktora çevrilir”, - analizdə deyilir.

Mərkəzin ekspertləri Ankaranın uğurlu geosiyasi tarazlıq siyasəti yürütdüyünü söyləyirlər:

“Türkiyə Rusiyanın işğalını qınayıb, NATO-dakı müttəfiqləri ilə çiyin-çiyinə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Ukraynaya silah verir. Digər tərəfdən, Rusiya ilə ticarətini davam etdirir. İsveçin NATO üzvlüyünə hələ də “yaşıl işıq” yandırmayıb”.

Təhlildə Prezident Ərdoğanın andiçmə mərasiminə 78 ölkədən xarici liderlərin qatıldığı da vurğulanıb və əlavə edilir ki, bu, Türkiyənin qlobal miqyasda təsirinin nəticəsidir.

Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolz da daxil olmaqla bir çox AB liderinin Ərdoğanı seçkidən sonra təbrik etdiyi, Şolzun isə onu Berlinə dəvət etdiyi xatırladılır.

Mərkəzin ekspertlərinə görə, AB Ankaradan faydalanmaq və sadiq qaldığı geostrateji aktor olmaq imkanından maksimum istifadə etməlidir:

“Bunun üçün AB-nin strateji baxışı və siyasi iradəsi, o cümlədən münasibətlərin sabitləşməsinə və inkişafına kömək edə biləcək real Türkiyə strategiyasının işlənib hazırlanması lazımdır.

Münasibətləri yaxşılaşdırmağın ən səmərəli yolu Gömrük Birliyinin modernləşdirilməsidir. Nəticə etibarilə Türkiyə AB-yə meydan oxuyan gücdür, bundan sonra da belə olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər