ABŞ-ın Respublikaçılar və Demokratlar Partiyalarından olan 26 senatordan ibarət qrup hökumətin İranla dolayı danışıqlarına cavab olaraq, Prezident Co Baydendən bu ölkəyə münasibətdə daha güclü çəkindirmə addımları tələb edib.
Teleqraf.com xəbər verir ki, senatorlar Tehranla səmərəsiz razılaşmanın nəticələri barədə xəbərdarlıq ediblər.
Senatorlar Ağ Evi İranın sabitliyi pozan fəaliyyətlərini məhdudlaşdırmaq üçün konkret addımlar atmağa çağırırlar.
Müraciətdə vurğulanır ki, İranın nüvə fəaliyyətində istənilən irəliləyiş vahid beynəlxalq fəaliyyətlə müşayiət olunmalı və Çinə Tehranın sabitliyi pozan addımlarını sürətləndirməsinə imkan verilməməlidir.
Hər iki partiyanın üzvləri Baydendən tələb edirlər ki, İran uranı 90 faiz zənginləşdirərsə, BMT-nin Tehrana qarşı sanksiyalarını bərpa etmək üçün Avropa ölkələrindən zəmanət alsın.
Bu arada, “Vaşinqton Post” Bayden hökumətinin Vaşinqton və Tehran arasında dolayı danışıqlar zamanı irəli sürdüyü üç tələbi sadalayıb.
Amerika nəşri yazır ki, Bayden administrasiyası İranın yaratdığı gərginliyi azaltmaq kimi məqsədə nail olmaq üçün Tehranla dolayı ikitərəfli danışıqlar aparır.
Məlumata görə, Amerika bu danışıqlarda ən azı üç tələbinə nail olacağına ümid edir: Tehranın nüvə silahlarının hazırlanması sahəsində nüvə proqramını məhdudlaşdırmaq, İranın Suriyadakı Amerika qüvvələrinə qarşı dolayı hücumlarına son qoymaq və İran həbsxanalarındakı üç amerikalı məhbusun azad edilməsinə nail olmaq.