“Putin Priqojini bir yolla neytrallaşdırsa belə, Rusiyanın Ukraynadakı müharibəni əvvəlki güclə aparması çətinləşəcək”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiyanın ictimai-siyasi həyatındakı gəlişmələrə diqqət çəkib:
“Kreml sahibi Vladimir Putin üçün yolun sonu görünməyə başladı. Putin çıxışında təsadüfən 1917-ci ili xatırlatmadı. Əvvəllər də yazmışdım ki, Putin II Nikolayın yolu ilə gedir. II Nikolay gərəksiz halda “serb qardaşlarımıza dəstək” bəhanəsiylə Rusiya İmperiyasını Birinci Dünya müharibəsinə daxil etdi. Müharibədə Rusiya imperiyasının vəziyyəti ağırlaşdı, itkiləri artdı, iqtisadiyyat çökdü, bundan istifadə edən bolşeviklər hakimiyyəti ələ keçirdilər, II Nikolayı da ailəsi ilə güllələdilər.
Yüz il əvvəlki hadisələrlə bugünkü olaylar arasındakı fərq sadəcə bundan ibarətdir ki, bolşeviklər II Nikolayın düşməni idilər, “Vaqner” muzdlu qruplaşması və onun rəhbəri Priqojin isə Putinin məhsuludur, o özü bunları yaradıb və indi bunun ağrısını çəkir.
Priqojin son aylarda müharibə haqqında real vəziyyəti söyləyənlərdən biri idi. “Vaqner” lideri yaxın günlərdə həbs olunmasa və ya öldürülməsə Rusiya 100 il əvvəlki vətəndaş müharibəsinə sürüklənəcək. Müharibə və ordu haqda doğruları söylədiyinə görə Rusiya cəmiyyətində və orduda Priqojinə rəğbət artmışdı. Putin köhnə dostunu dayandıra bilməsə, vəziyyət Kreml sahibi üçün qəlizləşəcək”.
Elxan Şahinoğlu hesab edirki, Mövcud durum Qərbin, Ukraynanın və Azərbaycanın da maraqlarına cavab verir:
“Rusiyanın başı özünə qarışmalıdır ki, əlini qonşu ölkələrdən çəksin. Rəhmətlik öndərimiz Məhəmməd Əmin Rəsulzadə demişkən, Rusiya zəiflməyənə qədər qonşu dövlətlərə rahat həyat olmayacaq. Putin Priqojini bir yolla neytrallaşdırsa belə, Rusiyanın Ukraynadakı müharibəni əvvəlki güclə aparması çətinləşəcək. Rusiya cəmiyyətində həm Putinə inam azalacaq, həm də müharibədən yorğunluq özünü göstərəcək”.