Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri çərşənbə günü Ciddədəki ABŞ konsulluğu qarşısında silahlı şəxsi zərərsizləşdiriblər.
Teleqraf.com xəbər verir ki, iyunun 28-də, yerli vaxtla saat 18:45-də (Bakı vaxtı ilə 19:45) Ciddə əyalətindəki Amerika konsulluğunun binasında avtomobil dayanıb və oradan əlində odlu silah olan şəxs çıxıb. Təhlükəsizlik qüvvələri vəziyyətə uyğun hərəkət edərək onu aradan götürmək qərarına gəlib. O, atışma zamanı öldürülüb.
Hücum nəticəsində diplomatik missiyanın əslən Nepaldan olan mühafizəçilərindən biri aldığı xəsarətlərdən ölüb. Hazırda krallığın hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır.
ABŞ-ın Ciddədəki konsulluğuna hücum Həcc ziyarətinin son günündə baş verib. Bu gün müsəlmanlar da əsas bayramlardan birini - Qurban bayramını qeyd edirlər.