Fransada 17 yaşlı əlcəzairli Nahel M-in polis tərəfindən öldürülməsi ilə başlayan kütləvi nümayişlər davam edir.
Teleqraf.com xəbər verir ki, 200 mağazanın talan edildiyi, 300 bankın tamamilə dağıdıldığı, yüzlərlə avtomobilin yandırıldığı etirazların vurduğu zərərin həcmi 1 milyard avrodan çoxdur.
Etirazların davam etdiyi vaxt Fransada müzakirələrə səbəb olan daha bir hadisə baş verib. Fransa hökumətinin ötən aylarda “Şərəf” ordeni verdiyi YPG terror təşkilatının qadın qolu – YPJ nümayişçilərə dəstək verdiyini açıqlayıb.
YPJ terror təşkilatı “Yaşasın Rojovadan Fransaya qədər xalqların müqaviməti” mesajı ilə etirazçılara dəstək verib.
Fransa Senatı ötən aylarda YPG/PKK terror təşkilatı ilə bağlı skandal qərara imza atmışdı. Senat Novruz bayramı münasibətilə təşkil edilən qəbulda YPG/YPJ terrorçularına “Şərəf” medalı vermişdi.
Mərasimə YPG və YPJ-nin “sözçülər”i Nuri Mahmud və Ruqsan Mihəməd dəvət olunmuşdu.
PKK/YPG terrorçuları 2015-ci ildə Yelisey sarayında da qəbul edilmişdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gəlişmələrdən sonra “Bəslədiyiniz ilan bir gün sizi sancacaq” deyərək, terrorçulara dəstək verən Avropa ölkələrinə xəbərdarlıq etmişdi.