Koreya və Türkiyə strateji tərəfdaş olan iki ölkədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Koreya Xarici İşlər naziri Park Jin deyib.
"Türkiyə Koreyanın azadlığı və sülhü uğrunda döyüşə 20 minə yaxın gənc əsgər göndərərək Koreya ilə çiyin-çiyinə vuruşub. Koreya xalqı Türkiyənin böyük fədakarlığını və dəstəyini unutmayacaq” – deyə Park Jin qeyd edib.
Koreyalı nazir bildirib ki, iki ölkə arasındakı bu isti dostluq ötən ilin fevralında Türkiyədə baş verən zəlzələ zamanı birgə mübarizə aparmaqla bir daha sübut olundu.
“Koreya hökuməti hazırda Antakya bölgəsində zəlzələdən zərər çəkənlər üçün müvəqqəti sığınacaqlar inşa edir. Hakan Fidan ilə Koreya-Türkiyə əlaqələrinin inkişafı üçün iki ölkə arasında əlaqələrin inkişaf istiqamətini sistemli şəkildə tənzimləyən yol xəritəsi imzaladıq” – deyə Jin söyləyib.
Görüş zamanı iki ölkə arasında siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil və idman kimi müxtəlif sahələrdə strateji tərəfdaşlığı gücləndirilməsi məsələsi müzakirə edilib.
Məlumat üçün qeyd edək ki, Cənubi Koreyanın Xarici İşlər naziri Park Jin Hakan Fidanla birgə mətbuat konfransında çıxışını türk dilində aparıb.