4 Avqust 2023 18:14
3 467
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Terror təhlükəsi və düşmənçilik olmasa, Hindistan Pakistanla münasibətlərin normallaşdırılması üçün danışıqlar apara biləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Bağçi deyib.

“Hindistanın bu məsələdə aydın və ardıcıl mövqeyi hamıya məlumdur. Biz Pakistan da daxil olmaqla bütün qonşularımızla normal qonşuluq münasibətləri istəyirik. Bunun üçün terrordan və düşmənçilikdən uzaq bir mühit lazımdır”, - diplomat bildirib.

Bağçinin açıqlaması Pakistan Baş naziri Şahbaz Şərifin Hindistanla ikitərəfli münasibətlərin tənzimlənməsi üçün danışıqlara başlamağa hazır olması ilə bağlı səsləndirdiyi fikrə cavabdır. Şərif Pakistan və Hindistan arasında ciddi məsələlər nəticəyə hesablanmış sülh danışıqları yolu ilə həll olunmasa, normal qonşu ola bilməyəcəyini söyləyib.

Şahbaz Şərif qeyd edib ki, müharibə mübahisəli məsələlərin həlli yolu deyil və İslamabad danışıqlar masası arxasında Dehli ilə həll olunmamış məsələləri ciddi şəkildə müzakirə etməyə hazırdır.

Hindistan-Pakistan münasibətləri 2019-cu ildən bəri ən aşağı səviyyədədir. Hindistanın işğal altındakı Cəmmu və Kəşmir əyalətlərinin xüsusi statusunu ləğv etməsi Pakistanda etirazla qarşılanıb. Buna cavab olaraq Pakistan Dehlidəki səfirini geri çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər