Rusiya Prezidenti Vladimir Putin bu ilin payızında amerikalı həmkarı Co Baydenin Vyetnama səfərindən sonra ilin sonuna kimi bu ölkəyə getməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Fulcrum” nəşri məlumat yayıb.
Bayden ötən həftə tezliklə Vyetnama gedəcəyini açıqlayıb. Səfərin sentyabrda Hindistanda keçiriləcək G20 sammiti ilə əlaqədar olacağı bildirilir.
Eyni zamanda, nəşr qeyd edir ki, Putin də ilin sonunadək Vyetnama getməyi planlaşdırır. Qəzet yazır ki, Putin Vyetnama gedərsə, bu, önəmli olacaq. Çünki Rusiya lideri müharibədən sonra bir sıra keçmiş sovet ölkələri və İran, o cümlədən yaxın günlərdə gedəcəyi Türkiyə istisna olmaqla heç bir ölkəyə səfər etməyib. Səbəblərdən biri Putinin həbsi üçün Beynəlxalq Cinayətlər Məhkəməsi tərəfindən verilən orderdir. Buna görə, BCM-in üzvü olan istənilən ölkə onu həbs etməyə borcludur.
Eyni zamanda, nəşr vurğulayır ki, Putin Vyetnama gedərsə, bu, oktyabrda Çində keçiriləcək “Bir Kəmər, Bir Yol” sammitinə qatıldıqdan sonra olacaq.
“Birincisi, Rusiya bununla Qərbin onu beynəlxalq səviyyədə təcrid etmək cəhdlərinin uğursuzluğa düçar olduğunu iddia edə bilər. İkincisi, Moskva bəyan edə bilər ki, 2011-ci ildə elan edilmiş “Kremldən Şərqə dönüş” hələ də davam edir və ən əsası, bu, təkcə Çinə deyil, həm də Cənub-Şərqi Asiyaya dönüşdür. Ən əsası, nə Çin, nə də Vyetnam BCM-in üzvüdür”, - məlumatda deyilir.
Nəşr iddia edir ki, Rusiya Vyetnamın köhnə dostu olmasına və Putinin burada inanılmaz dərəcədə populyar olmasına baxmayaraq, Vyetnam Rusiya naminə öz milli maraqlarını qurban verməyə hazırlaşmır.