Kupyan vilayətində hücum əməliyyatlarına başlayan Rusiya qüvvələri irəliləyiblər. Geolokasiya görüntüləri rusların Kupyanın şərqindəki Orlyanka və Nikolayevka ərazilərində irəlilədiyini göstərir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
Rusiya mənbələri qoşunların Kupyandan 7 km aralıda, Luqanskdakı separatçılar isə bölgənin birbaşa kənarında olduğunu iddia edirlər. ISW isə bunu təsdiqləməyib. Bununla belə, ABŞ institutu Rusiya qüvvələrinin bu istiqamətdə irəlilədiyini bildirib.
Rusiyanın Kupyan istiqamətində əlavə qüvvələr topladığı və yeni bölmələri döyüşə cəlb etdiyinə diqqət çəkilir.
Bundan əlavə, rus qoşunları Svatove-Kreminna xəttində hücuma keçsələr də, irəliləyə bilməyiblər. Ruslar Svatovodan 15 km qərbdə, Myasojarivka yaxınlığında da uğursuz hücum əməliyyatları keçiriblər. ISW qeyd edir ki, bu, Rusiyanın hücumlarının yeni istiqamətidir.
Bundan əlavə, Rusiya ordusu Kreminnayadan 25 km cənubda Biloqorivka və Spirnidə Ukraynanın müdafiəsini yara bilməyib.
Ukrayna Silahlı Qüvvələri isə Baxmut istiqamətində hücum əməliyyatlarını davam etdirərək irəliləyib. Geolokasiya görüntüləri Ukrayna ordusunun Baxmutdan 7 km şimal-qərbdə, Klişivkadan cənuba doğru irəlilədiyini göstərir.