Ukrayna Niderlanddan 42 Amerika F-16 qırıcısı alacaq. Ən qısa zamanda ukraynalı pilotların hazırlığına başlanılacaq.
Teleqraf.com xəbər verir ki, bunu Niderlandda səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Mark Ryütte ilə görüşündən sonra mətbuata bəyanatında bildirib.
“Mark Ryütte və mən Ukraynaya veriləcək F-16-ların sayı barədə razılığa gəldik - pilotlarımız və mühəndislərimiz təlim keçdikdən sonra 42 təyyarə alacaq. Bu hələ başlanğıcdır", - deyə Zelenski əlavə edib.
Mark Ryütte mətbuat konfransında təlimin Niderland, Danimarka və Rumıniyada keçiriləcəyini təsdiqləyib. Onun sözlərinə görə, hazırda ukraynalı pilotların dil tədrisi aparılır.
"Şərtlərə gəlincə, hazırda dil hazırlığı aparılır və gələcəkdə hərbi təlim başlayanda Rumıniyaya keçəcək. Təyyarələrin Ukraynaya ötürülməsi ən qısa zamanda, çox tez həyata keçiriləcək. Bu arada biz infrastruktur üzərində işləməliyik ki, bu təyyarələr Ukraynada təhlükəsiz şəkildə qalxıb enə bilsin”, - deyə Baş nazir bildirib.
O, ukraynalı pilotların hazırlanmasına ən qısa zamanda başlanılacağını vurğulayıb.
Qeyd edək ki, avqustun 20-də Prezident Volodimir Zelenski Niderlanda səfərə gəlib. Ölkə lideri dərhal qeyd edib ki, onun ölkəyə səfərinin əsas məsələsi F-16 qırıcıları olacaq.
Ukrayna Prezidenti və Niderlandın Baş naziri artıq görüşüb və F-16 təyyarələrinin yerləşdiyi hərbi bazaya baş çəkiblər. Görüşdən sonra Mark Ryütte bəyan edib ki, Niderland və Danimarka F-16 təyyarələrini Ukraynaya təhvil verməyə sadiqdir.