25 Avqust 2023 09:59
1 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner” qruplaşması lideri Yevgeni Priqojinin qətlə yetirilməsindən sonra müstəqil struktur kimi mövcud olmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.

“Rusiya Müdafiə Nazirliyi (rəhbəri Sergey Şoyqu) “Vaqner”in xaricdəki əməliyyatlarına nəzarət etmək üçün qruplaşmanın indiki və keçmiş üzvlərini sıralarına cəlb etdiyi özəl hərbi şirkətlər yaradıb. Kreml “Vaqner”in Belarusda yerləşdirilməsinə görə Lukaşenko hökumətinə pul ödəməkdən imtina edib, maliyyə problemləri ödənişlərin azalmasına səbəb olub. Bu da “Vaqner” döyüşçülərini qruplaşmadan uzaqlaşmağa məcbur edir”, - məlumatda deyilir.

“Vaqner” Belarusdakı düşərgələrini bağlamağa davam edir. Son peyk görüntüləri Sel və Osipoviççidəki çadırların üçdə birinin söküldüyünü göstərir. Hazırda Belarusda nə qədər “vaqnerçi”nin qaldığı məlum olmasa da, onların Rusiyaya dönmək üçün hazırlıqlara başladığı bildirilir.

“Rəhbərliyin aradan qaldırılması “Vaqner”in Rusiya Müdafiə Nazirliyindən müstəqil fəaliyyət göstərmək şanslarına son qoydu. Kremlin “Vaqner”i tamamilə sıradan çıxarmaq, onu kiçik qrup kimi bərpa etmək, yoxsa tamamilə Müdafiə Nazirliyinə tabe etmək niyyətində olub-olmadığı hələ də qaranlıq qalır. “Vaqner”in Kremlə sadiq yeni komandirin rəhbərliyi altında müstəqil təşkilat kimi bərpası da mümkündür. Amma bu ehtimal da azdır”, - amerikalı analitikləri deyirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər