Kreml xüsusi xidmət orqanlarına yeni hərbi qiyam təhlükəsinə hazırlaşmağı əmr edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Moscow Times” məlumatlı mənbələrə istinadla yazır.
Kreml hesab edir ki, “Vaqner” lideri Yevgeni Priqojinin ölümündən sonra yeni hərbi qiyam təhlükəsi yaranıb. İddiaya görə, Rusiya xüsusi xidmət orqanları artıq iyunda “Vaqner” tərəfindən təşkil edilən qiyama oxşar cəhdlərə nəzarət etmək və qarşısını almaq üçün hərəkətə keçib.
Nəşr qeyd edir ki, iyunda qiyamçıların tanklarının Moskvanın 200 kilometrliyinə yaxınlaşması 20 ildən artıqdır hakimiyyətdə olan Prezident Vladimir Putində silinməz təəssürat yaradıb. Mənbələr deyirlər ki, Priqojin nəinki ordu komandanlığına qarşı çıxıb, həm də prezidentin şəxsi əmrinə tabe olmayıb, ona görə də rejim üçün təhlükə hesab edilib.
Priqojinin ölümündən iki gün sonra Putin “vaqnerçilər”dən sədaqət andı içmələri barədə göstəriş verib. Qeyri-qanuni hərbi birləşmələr, o cümlədən könüllü batalyonlar və ərazi özünümüdafiə qüvvələrinin bütün üzvləri dövlət bayrağı önündə konstitusiya quruluşunu müdafiə edəcəkləri üçün and içməlidirlər.
Putin gələcəkdə qiyamın təkrarlanmaması üçün “Vaqner” və digər müstəqil hərbi birləşmələrə nəzarəti gücləndirmək istəyir.