Nigerdən sonra daha bir Afrika ölkəsi Qabonda da dövlət çevrilişi baş verib.
Teleqraf.com xəbər verir ki, bir qrup hərbçi hakimiyyəti ələ keçirdiyini açıqlayıb.
Çevrilişdən sonra paytaxtı Librevildə qarşıdurmanın başladığı bildirilir.
“Qabon 24” telekanalına çıxan hərbçilər ölkədəki bütün təhlükəsizlik və müdafiə qüvvələrini təmsil etdiklərini iddia ediblər. Seçkilərin nəticələrinin ləğv edildiyini bildirən hərbçilər növbəti xəbərə qədər bütün sərhədlərin bağlı olduğunu və dövlət qurumlarının buraxıldığını deyiblər.
Ölkənin legitim hökumətindən hələlik heç bir açıqlama verilməyib.
Qabon Seçki Mərkəzindən dünən verilən açıqlamada, avqustun 26-da keçirilən seçkilərdə dövlət başçısı Əli Bonqonun 64.27, rəqibi Albert Ondo Ossanın isə 30.77 faiz səs topladığı bildirilib. 2009-cu ildə atası Ömər Bonqonu əvəzləyən 64 yaşlı Əli Bonqonun 2016-cı ildə seçkilərdə qalib gəlməsindən sonra parlament binası yandırılmış, şiddətli etirazlar baş vermişdi.