6 Sentyabr 2023 09:57
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Başıbəlalı Suriya yenidən qaynayır. İllər boyu davam edən vətəndaş müharibəsi nəticəsində xarabalığa və xarici ölkələrin sınaq meydanına çevrilmiş ölkənin sakinləri yenidən Bəşər Əsədin istefasını tələb edirlər. Suriyadan gələn məlumatlarda budəfəki etirazlara ələvi Əsəd klanının dayağı sayılan ələvi əhalinin çoxluq təşkil etdiyi Latakiyanın da qoşulduğu bildirilir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert qeyd edib ki, məlumatlarda orduda çoxluq təşkil edən ələvilərdən ibarət zabit korpusunun da bir hissəsinin rejimə qarşı çıxdığı, Əsəd rejiminin isə Tehran və Moskvadan dəstək istədiyi yer alır:

“Bunu isə Yaxın Şərqdə geosiyasi qarşıdurmanın yeni fazaya keçdiyinin anonsu kimi qəbul etmək olar. Əslində isə həmin anons çoxdan verilirdi: təkcə son iki ayda Vaşinqtonun bölgədə hərbi hava qüvvələrinin iştirakının xeyli artırması, Suriya səmasında ABŞ və Rusiya aviasiyası arasında yaşanan gərginliklər, İsrail aviasiyasının İran və ona bağlı silhalı dəstələrin hərbi obyektlərini daha intensiv bombalaması qarşıdan gələn gərginliyə işarə idi.

Bütün bunlardan görünən budur ki, ölkənin hava məkanı əsasən ABŞ, Rusiya, İsrail və Türkiyənin hərbi-hava qüvvələrinin nəzarətində qalacaq, bu da yeni bombardmanlar, dağıntılar, humanitar böhran demək olacaq. Amma heç bir müharibə quruda əməliyyatlar olmadan öz hədəfinə çata bilməz. Havada vəziyyət az-çox aydın olsa da, quruda situasiya daha mürəkkəbdir.

Ölkə ərazisində mövcud olan müxtəlif dövlətlərin hərbi birləşmələri, həmçinin onlara bağlı qiyamçı, üsyançı, terrorçu proksi dəstələr Suriya ərazisini faktiki öz nəzarət sektorlarına bölüblər ki, bu da gec-tez həmin silahlı qüvvələr arasında toqquşmaların baş verəcəyini labüd edir.

Toqquşmalar yüksək ehtimalla daha çox elə proksi rolunu oynayan həmin dəstələr arasında baş verəcək ki, bu da Suriyada xaosu daha da artıracaq və bütövlükdə Yaxın Şərqdə böhranı bir qədər də dərinləşdirəcək. Nəhayət, Yaxın Şərqə sürətlə toplanan hərbi potensial təkcə aviasiyadan və proksi quru qüvvələrindən ibarət deyil”.

Ərəstun Oruclu bildirib ki, mümkün savaşın potensial iştirakçıları bölgədə hərbi-dəniz qüvvələrini də cəmləməkdə davam edirlər:

“Əsasən də ABŞ bölgədə böyük hərbi dəniz qüvvələri ilə təmsil olunur. Son dövrlər dünyanın ən böyük, həmçinin texnoloji cəhətdən ən irəli getmiş “Gerald Ford” təyyarədaşıyan gəmisinin Aralıq dənizi sahillərində lövbər salması Yaxın Şərq – Şərqi Aralıq dənizi hövzəsində gərginliyin artacağına işarədir.

Gəmi F-18 “Hornet”, F-35B qırıcıları ilə yanaşı, həm də helikopterlər, PUA-lar, radioelektron kəşfiyyat və mübarizə təyyarələrilə (cəmi 90-100 ədəd) təhciz olunub. Bundan başqa, hələ iyul və avqust aylarında ABŞ-ın Yaxın Şərqə bir neçə (dəqiq say göstərilmir) F-22 “Raptor” və F-35 “Lightining” 5-ci nəsil təyyarələri yerləşdirməsi barədə məlumatlar var.

ABŞ-ın bölgədəki strateji müttəfiqi İsrailin də təkcə 50 ədəd F-35 təyyarəsinə malik olduğunu nəzərə aldıqda, Yaxın Şərqin hava məkanında üstünlüyün ABŞ-ın tərəfində olduğunu demək olar. Onun əsas rəqibi hesab olunan Rusiyanın isə Suriya ərazisindəki təyyarələrinin sayının 33-35 ədəd olduğu göstərilir.

Şübhəsiz ki, bölgədə bu qədər gücün toplanması heç də göstərilən tərəflərin birbaşa toqquşmaq ehtimalının artması anlamına gəlmir. Ən azı ona görə ki, havada, hətta dənizdə döyüşlər baş verərsə belə, bu, tərəflərdən hansınınsa bölgənin açar dövləti olan Suriya ərazisindəki əsas nəqliyyat-kommunikasiya infrastrukturuna sahiblənə biləcəyini deməyə əsas vermir. Çünki hər iki tərəf bu ölkədə quru qoşunları ilə zəif təmsil olunur, quru qoşunları isə bu və ya digər əraziyə nəzarətin təmin olunması üçün zəruri silahlı qüvvələr növüdür. Odur ki, tərəflərin (ABŞ və Rusiya) aviasiyası qarşılıqlı təhrikçi manevrlərlə kifayətlənməyəcək, həm də bölgədəki proksi qüvvələrini aktivləşdirməkdə davam edirlər”.

Politoloq vurğulayıb ki, bölgədə proksi savaşı yenidən alovlanır:

“ABŞ-ın proksi qüvvələri olan PYD/YPG silahlılarına qarşı bu gün yeni hərbi qüvvə - İran tərəfindən dəstəklənən ərəb tayfaları meydana çıxır. Bu dəstələr kürdləri onların nəzarətinə keçmiş və ərəblərin yaşadıqları ərazilərdən sıxışdırıb çıxarmağa çalışır.

Bölgədə quru qoşunları ilə təmsilçilik baxımından üstünlük isə Suriya ilə fiziki təmasları (quru sərhədləri) olan Türkiyə və İsrailin, həmçinin bu ölkədə hərbi infrastruktura malik olan İranın xeyrinədir. Bir o fərqlə ki, İsrailin Suriyada quru əməliyyatları aparmaq və ya apara bilmək şansları minimumdur.

Şübhəsiz ki, İran və Rusiya tərəfindən dəstəklənən Əsəd ordusu da unudulmamalıdır. Bura İŞİD və digər terrorçu qrupları da əlavə etdikdə, “Suriya düyünü”nün ilk baxışdan nəzərə çarpdığından qat-qat daha dolaşıq olduğunu görə bilərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər