Azərbaycan və Türkiyəyə qarşı düşmən münasibəti ilə tanınan amerikalı senator Bob Menendez həyat yoldaşı vasitəsilə təxminən 400 min dollar dəyərində qızıl külçə rüşvət almaqda ittiham olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə “NBC New York” məlumat yayıb.
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) və Vergi Departamentinin müstəntiqləri daşınmaz əmlak maqnatı və bank cinayətlərinə görə mühakimə olunan keçmiş bankir Fred Daybesdən rüşvət almaqda ittiham olunan Menendezin korrupsiya fəaliyyətini araşdırır. Məlumata görə, o, bu məqsədlə ABŞ Ədliyyə Departamentindəki əlaqələrindən istifadə edib.
Federal münsiflər heyəti Menendezin erməni əsilli xanımı Nadina Arslanyan vasitəsilə təxminən 400 min dollar dəyərində qızıl külçə qəbul etdiyi iddia edilən istintaq çərçivəsində şahidlərin ifadələrini də dinləyib.
Hüquq analitiki Denni Sevallos səlahiyyətlərindən sui-istifadə ilə rüşvət aldığı sübut olunarsa, Menendezin təqsirli bilinəcəyini söyləyib.
Menendezə rüşvət verdiyi iddia edilən Daybesin “Mariner's Bank”a olan 1.8 milyon dollar borcu ilə bağlı işin hökmünün 2022-ci ildə üç dəfə təxirə salındığı vurğulanır.
Menendez külçə qızılın 2020-ci ildə ona qarşı rüşvətxorluq işi açıldıqdan sonra ailəsinə verildiyini açıqlamışdı. Bundan başqa, senatora qarşı aparılan araşdırmalar arasında onun sektorda heç bir təcrübəsi olmamasına baxmayaraq, tenderdə qalib gəlməsi müqabilində ABŞ-da halal sertifikatlaşdırmanı öz üzərinə götürən Misirdə yerləşən “IS EG Halal” startap şirkətindən rüşvət alması faktı da var.