Rusiyanın Abxaziyada hərbi dəniz bazası tikməsi Kremlin imperiya məntiqindən irəli gəlir.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Donanmasının sözçüsü Dmitri Pletençuk deyib.
Onun sözlərinə görə, bütün yay boyu Rusiyanın Qara dənizin şərq, şimal-şərq hissələrinə yaxınlaşması müşahidə olunub. Pletençuk qeyd edib ki, bu səbəbdən rusların Abxaziyada öz donanmaları üçün baza tikmək niyyətinini həyata keçirməkdən ötrü bəhanələri yaranıb. Sözçü hesab edir ki, bu, Kremlin imperiya məntiqinə uyğundur və həyata keçirilə bilər, Abxaziyada belə bir bazanın təşkili çox da çətin deyil.
“Yeganə problem budur ki, Qara Dəniz Donanmasının bazasının bu cür dislokasiyası işğalçıların maddi-texniki təminatını müəyyən mənada çətinləşdirəcək, amma hazırda heç nəyə əmin olmaq mümkün deyil. Görək, necə olacaq”, - Pletençuk bildirib.
Bu yaxınlarda Rusiyanın Qara Dəniz Donanması üçün yeni baza kimi Gürcüstanın işğal olunmuş ərazisini - 1990-cı ildə rus qoşunlarının qeyri-qanuni daxil olduğu Abxaziyanı seçdiyi barədə məlumat yayılıb. Abxaziyadakı separatçı rejimin başçısı Aslan Bjaniya Rusiya Prezidenti Vladimir Putinlə bununla bağlı saziş imzalandığını açıqlayıb. Gürcüstan Xarici İşlər Nazirliyi dərhal reaksiya verərək, bunun onun suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması olduğunu vurğulayıb. Gürcü rəsmilər bunu Abxaziyanın işğalını qanuniləşdirməyə yönəlmiş təxribat cəhdi adlandırıblar.
Gürcüstan Kremli 12 avqust 2008-ci il tarixli razılaşmaya əsasən beynəlxalq öhdəliklərinə əməl etməyə və işğalı dayandırmağa çağırıb.