30 Oktyabr 2023 12:49
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya ölkələri HƏMAS qruplaşmasına münasibətdə ikiyə ayrılıb. Bəziləri HƏMAS-ı “terrorçu”, digərləri “Fələstin uğrunda mübarizə aparan qruplaşma” kimi qiymətləndirir. Qruplaşmanın təmsilçiləri Ankara, Moskva və Pekində görüşlər keçirir, Qətər və İrandan maliyyə əldə edirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri xatırladırlar ki, HƏMAS-ın rəhbər heyəti bugünlərdə Moskvada olub:

“İsrail Xarici İşlər Nazirliyi Kremlin bu addımını sərt tənqid edib. Buna cavab olaraq, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Kremlin İsrail-Fələstin münaqişəsinin bütün tərəfləri ilə dialoq apardığını xatırladıb.

HƏMAS təmsilçiləri Rusiya Xarici İşlər Nazirliyində görüşlər keçiriblər. Onlarla dialoq siyasəti yalnız Rusiyaya aid deyil. HƏMAS nümyəndələri tez-tez Türkiyəyə də səfər edərək, bu ölkənin diplomatları ilə müzakirələr aparırlar. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS üzvlərini “mücahidlər” adlandırıb. Bundan sonra İsrailin Türkiyə səfirliyindəki diplomatları ölkələrinə geri çağrılıb.

Pekinin də HƏMAS-la təmasları var. Ümumiyyətlə, son hadisələrə qədər Çin İsraillə Fələstin arasında vasitəçi olmaq istəyirdi. Fələstin lideri Mahmud Abbas Pekinə səfərdən sonra İsrail Baş naziri Benyamin Netanyahu da Çinin paytaxtına getməli idi. Ancaq bu baş vermədi. İndiki şərtlər altında İsrailin Çinin vasitəçiliyinə razılaşacağı çətindir. Digər yandan, Pekin də Moskva və Ankara kimi İsrailin Fələstin dövlətini tanımasının zəruriliyini bildirib”.

Təhlildə vurğulanır ki, ABŞ Çinin Yaxın Şərq siyasətini korrektə etməsini istəyir:

“Çin İran neftinin əsas alıcılarındandır. Vaşinqton Pekinin Tehrana təsir etməsini və Yaxın Şərqdəki toqquşmalara müdaxilədən kənar olmasını istəyir. “Röyter”in məlumatına görə, ABŞ Prezidenti Co Bayden bu mövzuda Çin lideri Si Cinpinlə müzakirə aparmağa çalışır. Pekinin özü də ABŞ-la İran arasında qarşıdurmanın baş verməsində maraqlı deyil. Çünki bu halda neftin qiyməti kəskin şəkildə artacaq. Bu isə Çin iqtisadiyyatına mənfi təsir edəcək.

Buna baxmayaraq, Pekin Yaxın Şərqdə gərginliyin azalması üçün böyük səy göstərməyəcək. Pekin uzağı böyük dövlətlərin bölgə ilə bağlı ortaq razılaşmalarında yer alacaq. Pekinin nə İrana, nə də HƏMAS-a təsir etmək fikri var. Əksinə, Pekin də Moskva kimi onda maraqlıdır ki, ABŞ-ın Yaxın Şərqdə problemləri artsın. Çinin “Global Times” nəşrinin iddiasına görə, ABŞ Çini dayandırmaq üçün bütün imkanlardan istifadə etməyə çalışır, bu alınmayacaq. “The Financial Times” isə İsrailin mülki insanları öldürməsi faktının Çini az maraqlandırdığını yazır. Pekin üçün önəmli olan bu hadisələr fonunda ABŞ-ın zəifləməsidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər