Rusiya hazırkı dövlət silah proqramı çərçivəsində 2027-ci ilə qədər S-400 kompleksləri üçün 1000-dən çox uzaqmənzilli 40N6 raketləri əldə etməyi planlaşdırır. Bu raketlər artıq xidmətdədir, Rusiya Hərbi Hava Qüvvələrinin yeni yaradılmış zenit-raket bölmələrinə veriləcək.
Teleqraf.com xəbər verir ki, bu ilin iyulunda 40N6-ların dövlət sınaqları başa çatıb.
Rusiya 2027-ci ilə qədər 56 ədəd S-400 hava hücumundan müdafiə bölməsi yaratmağı planlaşdırır.
“Bu, düşmənin ilk növbədə taktiki aviasiyamızın manevr imkanlarını daraltmağa yönəlmiş təhlükəli silahıdır. Belə görünür ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Zalujnı “The Economist” nəşrindəki məqaləsində eyham vurarkən, 40N6 raketlərini nəzərdə tutub. Rusiyanın hava hücumundan müdafiə texnikası Dneprə qədər hava məkanını əhatə edə bilər, bu da öz növbəsində F-16-ların gələcək istifadəsi üçün potensial imkanları daraldır”, - Ukraynanın “Defense Express” nəşri yazır.
Rusiya mənbələrinə görə, 40N6-lar 380 kilometrə qədər məsafədə aerodinamik, 15 kilometr məsafədə ballistik hədəfləri vura bilir, minimum atəş məsafəsi 5 kilometrdir. Bu raketin buraxılış çəkisi 1.8 ton, gövdəsinin uzunluğu 7.8 metr, açıqlanmış uçuş sürəti 4300 km/saata qədərdir.
“Məlum olan xüsusiyyətləri uzaqmənzilli raketlərin Rusiyanın S-400-lərlə bağlı təhlükə səviyyəsini açıq şəkildə nümayiş etdirir. Bu təhlükənin qarşısını almaq üçün Ukrayna Müdafiə Qüvvələrinə prinsipial olaraq yeni hücum vasitələri lazımdır, hələlik bizdə beləsi yoxdur”, - nəşr qeyd edir.