“Ermənistan “sülh qovşağı” adı altında Azərbaycana qarşı yeni manipulyasiyaya başlayıb”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, İrəvan bununla Bakıya qarşı beynəlxalq təzyiqlərə nail olmağa çalışır:
“Nikol Pasinyan Tiflisdə keçirilən “İpək Yolu” forumunda bu məsələdən danışmışdı. O, Ermənistanla Azərbaycan arasında nəqliyyat yollarının açılmasını və bu xətlərə nəzarət edəcək xüsusi təhlükəsizlik xidmətinin yaradılacağını bildirdi. Paşinyan açılacaq yollara və ya nəqliyyat dəhlizlərinə nəzarətin Ermənistanda qalmasına nail olmaq üçün Avropanın dəstəyini almağı hədəfləyib. Eyni zamanda, Ermənistan baş naziri bunu gündəmə gətirərkən, sülh müqaviləsində maraqlı olduqlarını göstərmək istəyir. Reallıqda isə bunun əksidir: Ermənistan sülhdə maraqlı deyil.
İrəvan Azərbaycana beynəlxalq təzyiqlərə nail olmaqla yanaşı, Hindistan və Fransanın hesabına silahlanır. Ermənistan Azərbaycana qarşı iddialarından əl çəkməyib. Bu baxımdan, gələcəkdə şərti sərhəddə təxribatlara gedəcəyi ehtimalı da var. Mümkün təxribatlarından Azərbaycana qarşı istifadə etməyə çalışacaq”.
Məhəmməd Əsədullazadə onu da bildirib ki, Azərbaycan və İranın dəhliz məsələsində anlaşması Ermənistan rəhbərliyini təşvişə salıb:
“İran ərazisindən keçəcək dəhliz işə düşdükdən sonra Ermənistan yenə də bölgədəki beynəlxalq projelərdən kənarda qalacaq. İrəvan buna görə də Zəngəzurdan keçəcək yollarla bağlı prosedurları sadələşdirə biləcəyi mesajlarını verir. Real əmələ gəlincə isə heç bir addım atmır. Görünən budur ki, Ermənistan bölgədə öz maraqlarını təmin edə biləcəyi zəminin yaranmasını gözləyir. Belə bir zəmin isə üfüqdə görünmür”.