21 Noyabr 2023 21:42
2 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya kosmosa hərbi peyk buraxmağa hazırlaşdığını elan etdikdən sonra ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Carl Vinson” təyyarədaşıyan gəmisi Cənubi Koreyaya gəlib.

Teleqraf.com xəbər verir ki, Cənubi Koreya Hərbi Dəniz Qüvvələri Komandanlığı “USS Carl Vinson”un Busandakı hərbi dəniz bazasında lövbər saldığını açıqlayıb.

Məlumatda vurğulanır ki, ABŞ təyyarədaşıyan gəmisinin bölgəyə gəlməsi Cənubi Koreya-ABŞ alyansının Şimali Koreyanın nüvə təhlükələrinə qarşı müdafiə mövqeyinin konkret göstəricisidir.

Ölkəyə sonuncu dəfə 2017-ci ildə gələn “USS Carl Vinson” bu il Cənubi Koreyaya gələn üçüncü ABŞ təyyarədaşıyan gəmisi olub.

Cənubi Koreya Müdafiə Nazirliyi isə bildirib ki, kosmosa hərbi peyk buraxmağa hazırlaşan Şimali Koreyanı diqqətlə izləyirlər. Nazirlik Pxenyanın bu addımı atacağı təqdirdə BMT Təhlükəsizlik Şurasının qətnamələrini açıq şəkildə pozacağını vurğulayaraq, bunun dərhal dayandırılmasını istəyib.

Şimali Koreya mayın 31-də hərbi peyk buraxmağa cəhd etsə də, raketdaşıyıcı sistemindəki nasazlıq səbəbindən bu cəhdi uğursuzluqla nəticələnib. Şimali Koreya beynəlxalq etirazlara baxmayaraq, peykin qısa müddətdə yenidən düzgün şəkildə buraxılacağını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər